backend

Zibilə atmazdan əvvəl mütləq oxuyun: Banan qabığını atanlar bu faydaları öyrənəndə peşman olacaqlar

Qış mövsümündə demək olar ki, hər kəsin sevdiyi meyvələrdən biri olan bananın özü yeyilsə də, qabığı çox vaxt zibilə atılır. Halbuki banan qabığı zibilə atılmaq əvəzinə evdə qarşılaşılan bir çox gündəlik problemi həll edə bilər.

Referans Media xəbər verir ki, qış aylarının ən çox sevilən meyvələrindən olan banan kaliumla zənginliyi ilə tanınır. Sağlam və ləzzətli olması səbəbindən tez-tez istifadə edilən bu meyvənin qabığı isə əksər hallarda dəyər verilmədən atılır. Bir çox insanın bilmədiyi isə banan qabığının təbii və praktik istifadə sahələrinin olmasıdır.

Təbii üsullar və praktik məsləhətlər arasında yer alan bu alternativ tətbiqlər sayəsində banan qabıqlarından asanlıqla faydalanmaq mümkündür. Ev şəraitində istifadə oluna bilən bəzi üsullar bunlardır:

Dəri ayaqqabı və çantaların təmizlənməsi

Banan qabığının iç tərəfi dəri səthlərdə təbii parıltı yaradır. Ayaqqabı və ya çantanın üzərinə qabığın iç hissəsi ilə yüngül şəkildə sürtülür. Bu üsul dəridəki matlığı azaldır və səthi qidalandırır. Daha sonra yumşaq və təmiz parça ilə silinərək qalıqlar təmizlənir. Kimyəvi parladıcılara təbii və qənaətcil alternativ hesab olunur.

Gümüş və metal məmulatların parladılması

Banan qabığı metal səthlərdə yaranan yüngül qaralmaların aradan qaldırılmasına kömək edir. Çəngəl, qaşıq və ya bəzək əşyaları qabığın iç tərəfi ilə ovulur. Təbii tərkibi sayəsində metal səthi zədələmir. Prosesdən sonra quru parça ilə silinməsi parıltını artırır.

Bitkilər üçün təbii gübrə

Kaliumla zəngin olan banan qabığı bitkilərin inkişafını dəstəkləyir. Kiçik hissələrə bölünərək torpağa basdırıla bilər. Bu üsul torpağın qida dəyərini artırır. Eyni zamanda suda saxlanılaraq maye gübrə kimi də istifadə edilə bilər. Xüsusilə çiçəkləyən bitkilər üçün faydalıdır.

Dəriyə qulluq və nəmləndirmə

Banan qabığının iç hissəsi dəriyə sürtüldükdə nəmləndirici təsir göstərə bilər. Dəridə quruluq hissini azaltmağa kömək edir. Xüsusilə dirsək, diz və daban kimi quru nahiyələr üçün uyğundur. Tətbiqdən sonra 5–10 dəqiqə gözlənilməli və ilıq su ilə yuyulmalıdır. Həssas dərisi olanlara əvvəlcə kiçik sahədə sınaq tövsiyə olunur.

Qoxu aradan qaldırıcı təsir

Banan qabığı bəzi yüngül xoşagəlməz qoxuları udmağa kömək edə bilər. Kiçik bir parça qabıq soyuducuda və ya zibil qabının yaxınlığında yerləşdirilə bilər. Kimyəvi qoxu aradan qaldırıcılarına təbii alternativdir. Qısa müddətli istifadə üçün uyğundur və mütəmadi dəyişdirilməlidir.

Dişlərin ağardılması

Banan qabığının iç hissəsi diş səthindəki yüngül ləkələrin azalmasına kömək edə bilər. Qabığın iç tərəfi dişlərə yüngül şəkildə sürtülərək 1–2 dəqiqə gözlənilir. Təbii minerallar sayəsində diş minasına zərər vermədən təmizləmə təmin edir. Prosesdən sonra ağız bol su ilə yaxalanmalıdır. Müntəzəm, lakin həddindən artıq olmadan istifadə tövsiyə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki