Azərbaycanda gələn ildən saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmin xüsusilə iş saatları dəyişkən olan sahələrdə çalışanların gəlirlərinin artırılmasına, əmək münasibətlərinin rəsmiləşdirilməsinə və işçilərin sosial təminatının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Bəs bu sistem əmək bazarında hansı dəyişikliklərə səbəb olacaq və effektiv tətbiqi üçün hansı nəzarət mexanizmləri vacibdir?
Referans Media-ya açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi Azərbaycanda əmək münasibətlərinin daha çevik və şəffaf formada tənzimlənməsi baxımından əhəmiyyətli addım hesab olunur.
Onun sözlərinə görə, xüsusilə aqrar sektor, ictimai iaşə, turizm və xidmət sahələrində çalışan, mövsümi və ya natamam iş vaxtı ilə fəaliyyət göstərən şəxslərin əmək hüquqlarının qorunması üçün bu mexanizm mühüm rol oynaya bilər.
İqtisadçı qeyd edib ki, sistemin əsas üstünlüyü əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanması və hər iş saatı üçün müəyyən edilmiş minimum ödəniş təminatının formalaşmasıdır. Xüsusilə mövsümi kənd təsərrüfatı işlərində, restoran və hotellərdə, turizm obyektlərində çalışan şəxslər üçün bu mexanizm daha ədalətli əməkhaqqı hesablanmasına şərait yaradacaq.
Eyni zamanda, qısamüddətli əmək müqavilələrinin rəsmiləşdirilməsi və işçilərin sosial sığorta təminatlarının qorunması baxımından da müsbət nəticələr verə bilər.
Günay Hüseynovanın sözlərinə görə, sistemin real nəticə verməsi üçün işəgötürənlər üzərində nəzarət mexanizmləri gücləndirilməlidir. İş saatlarının elektron uçotunun aparılması, əmək müqavilələrinin vaxtında rəsmiləşdirilməsi, əməkhaqqının bank hesabları vasitəsilə ödənilməsi və faktiki iş vaxtı ilə ödəniş məlumatlarının müqayisəsi nəzarətin effektivliyini artıracaq.
O bildirib ki, əməkhaqqının aşağı göstərilməsi, iş saatlarının düzgün qeydə alınmaması və işçilərin qeyri-rəsmi fəaliyyətə cəlb edilməsi kimi hallara qarşı müvafiq tədbirlər görülməlidir.
İqtisadçı vurğulayıb ki, saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi əmək bazarında çevik məşğulluq formalarının genişlənməsinə, natamam iş vaxtı ilə çalışan şəxslərin hüquqi müdafiəsinin güclənməsinə və əmək münasibətlərində şəffaflığın artmasına səbəb ola bilər. Bununla yanaşı, işəgötürənlər üçün əmək resurslarının daha səmərəli planlaşdırılması imkanı yaranacaq.
Onun fikrincə, sistem düzgün tənzimləndiyi halda, həm işçilərin gəlirlərinin və sosial təminatlarının qorunmasına, həm də müəssisələrin əmək xərclərini real iş həcminə uyğun idarə etməsinə xidmət edəcək.
Günay Hüseynova qeyd edib ki, saatlıq minimum əməkhaqqı mexanizmi əmək bazarında mühüm institusional yenilikdir. Onun effektivliyi yalnız minimum saatlıq məbləğin müəyyən edilməsi ilə deyil, tətbiq dairəsinin düzgün seçilməsi, elektron nəzarətin gücləndirilməsi və əmək hüquqlarının praktik olaraq təmin edilməsi ilə ölçülməlidir.
Gülnaz Abdullazadə
