Azərbaycanda nikahların sayının azalması və boşanmaların artması ailə institutunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İqtisadi çətinliklər, sosial rifah səviyyəsi, insanların dünyagörüşünün dəyişməsi və ailədən gözləntilərin artması bu tendensiyaya təsir edən əsas amillər sırasında göstərilir. Bəs cəmiyyətdə ailə münasibətlərinin dəyişməsinə və boşanmaların artmasına hansı səbəblər təsir edir?
Referans Media-ya açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, Azərbaycanda nikahların və qurulan ailələrin sayının azalması müşahidə olunan tendensiyadır. Onun sözlərinə görə, ailələrin iqtisadi, sosial və emosional motivlərinin dəyişməsi, insanların ailədən gözləntilərinin artması, qarşılıqlı tələblərin güclənməsi və kompromis meyillərinin azalması boşanmalara və nikahların sayına təsir göstərən mühüm amillərdir.
Sosioloq qeyd edib ki, başlıca səbəblər iqtisadi motivlərlə bağlıdır və iqtisadi amillər bir çox hallarda ailənin hədəflərini və taleyini əvvəlcədən müəyyənləşdirir. Belə ki, hər bir insan ailə qurarkən müəyyən ideyalara, hədəflərə və niyyətlərə çatmaq istəyir, ailə həyatı ilə bağlı arzularının gerçəkləşəcəyini düşünür. Bu baxımdan həm qadınlar, həm də kişilər təxminən eyni gözləntiləri və münasibəti ifadə edirlər.
O bildirib ki, boşanmaların artması fonunda nikahların sayının azalması bu tendensiyadakı dəyişiklikləri daha da gücləndirir. Cəmiyyət sosial tələblərə və rifaha daha çox önəm verdiyi halda, ailə dəyərlərinə və ailə modelinə bəzən səthi və qeyri-müəyyən yanaşır. Digər tərəfdən, iqtisadi çətinliklər insanların düşüncələrini, hədəflərini və niyyətlərini dəyişdirir. Bu prosesdə sosial-iqtisadi manipulyasiyaların, psixoloji təzyiqlərin artması, sosial şəbəkələr fonunda şəhər çoxluğu effektinin yaranması və insanların hər zaman istədiklərini seçə biləcəkləri düşüncəsi ailə seçimlərinə mənfi təsir göstərir.
Naib Niftəliyevin sözlərinə görə, bu amillər həm yaşlı, həm orta, həm də gənc nəsildə ailə seçimlərinin dəyişməsinə səbəb olan mənfi meyillər formalaşdırır. Bununla belə, ailə institutu tamamilə zəifləməyib, sadəcə ailə tendensiyaları, hədəfləri və prinsipləri əhəmiyyətli dərəcədə dəyişir. Yeni nəslin ailəyə münasibəti, davranışları və onlara təqdim olunan nümunələrin tərkibi də fərqliləşir.
Sosioloq əlavə edib ki, ictimai qınağın mahiyyəti və məzmunu da dəyişib. Əvvəllər boşanmalara və gec ailə qurmağa kəskin mənfi münasibət göstərildiyi halda, hazırda insanlar bu məsələlərə daha dözümlü yanaşırlar. Onun fikrincə, bu yanaşma müəyyən mənada başadüşüləndir. Lakin insanların ailə qurması, ailəni davam etdirməsi və boşanmadan qaçınması üçün ailənin iqtisadi əsasları, sosial rifahı və təminatı yüksək olmalıdır.
O vurğulayıb ki, Azərbaycan cəmiyyətində sosial təminat məsələləri faktiki olaraq orta-aşağı səviyyədədir. Müəyyən sosial təminatlar və maliyyə imkanları olsa da, sosial təhlükəsizliyin tam təmin olunması problemli olaraq qalır. Hətta adi sənədləşmə işlərində ciddi problemlərin ortaya çıxması, boşanma mexanizmləri ilə bağlı qeyri-müəyyənliklər və boşanmanın bəzi hallarda adi hala çevrilməsi də diqqət çəkən məsələlərdəndir.
Naib Niftəliyev hesab edir ki, insanlar bəzən istənilən vaxt ailə qura və ya boşana biləcəklərini düşünürlər. Bu zaman cəmiyyət qarşısında sosial məsuliyyət, nəslin davam etdirilməsi, öz gələcəyi, keçmişi və perspektivi ilə bağlı hərtərəfli yanaşma hissi zəifləyir. İnsanlar qanunun tələblərini pozmadıqları halda istədikləri kimi davranmağın doğru olduğunu düşünürlər.
Sosioloq bildirib ki, ailə daxilində bir-birindən istifadə etmək, qarşı tərəfin istək və münasibətlərindən sui-istifadə etmək meyilləri həm qadınlar, həm də kişilər arasında müəyyən mənada artıb. Onun fikrincə, bu tendensiya cəmiyyətin bütün təbəqələrini əhatə etməsə də, əhalinin 30-40 faizi belə düşünür və davranır.
O qeyd edib ki, boşanmaların nikahların ümumi sayına nisbətinin 50 faizi keçməsi və Avropa göstəricilərindən yüksək həddə çatması Azərbaycan cəmiyyətində qlobal tendensiyaların və ailə deqradasiyasının təsirinin əhəmiyyətli olduğunu göstərir.
Naib Niftəliyevin fikrincə, bu təsirlərin qarşısını almaq üçün mental dəyərlərə yönəlmək, iqtisadi rifahı yaxşılaşdırmaq, gənclərin sosial-iqtisadi himayəsini gücləndirmək və gənc ailələrə diqqət və qayğını artırmaq vacibdir. Eyni zamanda, ailə qurulmasında yaş və cins strukturunun, eləcə də bərabərlik prinsiplərinin nəzərə alınması mühüm əhəmiyyət daşıyır.
Sosioloq vurğulayıb ki, hüququn müəyyən etdiyi çərçivələr qorunmalı, lakin hüquqi məhdudiyyətlər və səlahiyyətlər insanların müəyyən dəyərləri itirməsinə, ailə dəyərlərindən uzaqlaşmasına, ailə sədaqətinin və ailə hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Boşanmaq hər kəsin təbii hüququdur, lakin bu qərar ciddi səbəblərə və real anlaşılmazlıqlara əsaslanmalıdır.
Onun sözlərinə görə, ailə quran insanlar bu qərarı əvvəlcədən düşünməli, problemlər yarandıqda boşanmaq əvəzinə anlaşmağa, ortaq hədəflər müəyyənləşdirərək birlikdə irəliləməyə çalışmalıdırlar.
Naib Niftəliyev sonda qeyd edib ki, ailə institutunun güclənməsi cəmiyyətin də güclü və dayanıqlı olması deməkdir. Buna görə də ailə dəyərlərinə həssas münasibət həm sosioloji, həm də psixoloji baxımdan formalaşdırılmalıdır. Onun fikrincə, cəmiyyətin ilk növbədə həll etməli olduğu problemlərdən biri məhz ailə məsələsidir.
Gülnaz Abdullazadə
