Türkiyəli müğənni Işın Karaca arıqladıqdan sonra dəyişən görünüşü ilə yenidən gündəmə gəlib. Bir vaxtlar 130 kiloqram çəkiyə çatan sənətçi həkim nəzarəti altında davam etdirdiyi arıqlama prosesi nəticəsində 57 kiloqrama düşdüyünü açıqlayıb.
Müğənni Bursada səhnəyə çıxdıqdan sonra yeni görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Onun son görünüşü izləyicilərin diqqətini çəkib.
Türkiyə pop musiqisinin tanınmış ifaçılarından olan Işın Karaca fiziki görünüşündəki böyük dəyişikliklə son vaxtlar tez-tez müzakirə olunur. Sənətçi əvvəllər çəkisinin 130 kiloqrama qədər yüksəldiyini, daha sonra isə arıqlamağa qərar verdiyini bildirib.
Karacanın sözlərinə görə, o, 93 kiloqramdan 57 kiloqrama qədər arıqlayıb. Bu müddətdə qidalanma vərdişlərini dəyişib və prosesi həkim nəzarəti altında davam etdirib.
Müğənni arıqlama prosesində özünə konkret hədəflər qoyduğunu da açıqlayıb. O, istədiyi çəkiyə çatmamışdan əvvəl 36 ölçülü geyimlər və kiçik ölçülü ayaqqabılar alaraq özünü motivasiya etməyə çalışıb.
Sənətçi həyat yoldaşı Canın da bu müddətdə çəki itirdiyini bildirib: “İlk dəfədir həyatımda bu qədər arıqlaya bildim. 59 kilo olacağımı demişdim. 93-dən 57-yə düşdüm. Can da 104 kilo idi, 80-ə düşdü”.
Beləliklə, müğənninin həyat yoldaşı da 24 kiloqram arıqlayıb. Işın Karaca arıqlamaq üçün tətbiq etdiyi qidalanma rejimi barədə danışarkən bunun hər kəsə uyğun olmadığını xüsusi vurğulayıb və mütəxəssis məsləhəti olmadan belə üsullara əl atmağı tövsiyə etmədiyini bildirib.
“İki gün qidalandığım vaxtlarda ilk yeməyim qatıq və ya banan olur. Axşam da yeməyimizi yeyirik. Mən bunu heç kimə tövsiyə etmirəm, mütəxəssisə müraciət etmələrini xahiş edirəm. Əvvəlcə qan analizlərimizi yoxladıq. Məndə Haşimoto xəstəliyi var. Alopesiya xəstəsiyəm. Bədənimdə hələ də bir sıra balanssızlıqlar davam edir”, – deyə müğənni bildirib.
Sənətçi ötən gün Bursada təşkil olunan tədbirdə səhnə alıb. Konsertdən sonra yeni görüntülərini izləyiciləri ilə bölüşən Karacanın dəyişimi bir daha diqqət çəkib.
Bir vaxtlar 130 kiloqram olan, son açıqlamasına görə isə 57 kiloqrama düşən müğənninin paylaşımı sosial şəbəkələrdə maraq doğurub./Musavat.com
