Vətəndaşın pulunu KİM qaytaracaq? – İcbari tibbi sığortada YENİLİK

Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının geri qaytarılması ilə bağlı prosedurda dəyişiklik edilib. Baş nazir Əli Əsədovun 20 noyabr 2026-cı il tarixli qərarına əsasən, bu sahədə məsul qurum kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi müəyyənləşdirilib.

Beləliklə, icbari tibbi sığorta haqqını düzgün hesablanmadığı və ya tələb olunandan artıq tutulduğu halda ödəyən şəxslər və sığortalılar artıq ödənişin qaytarılması üçün bu quruma müraciət edə biləcəklər.

Bəs hansı hallar artıq ödəniş hesab olunur? Vətəndaş və ya işəgötürən ödədiyi artıq vəsaiti hansı qaydada geri ala bilər? Bunun üçün hansı sənədlər tələb olunur və müraciətə nə qədər müddətdə baxılır? Yeni dəyişiklik vətəndaşların prosedurunu nə dərəcədə asanlaşdıracaq?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “İcbari Tibbi Sığorta Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi, əslində, tibbi sığorta sahəsində yeni bir mərhələ idi. Çünki bundan əvvəl TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi eyni qurumda birləşirdi və bu qurumların bir-birinə nəzarətinin adekvat şəkildə həyata keçirilməsi mümkün deyildi.

Hazırda Agentliyin ayrıca nazirliyin tabeliyində fəaliyyət göstərməsi tibbi xidmətlər üçün ödənilən sığorta vəsaitlərinin tibb müəssisələri tərəfindən diaqnostik müayinə, müalicə və digər prosedurlara əsaslandırılmış şəkildə xərclənməsinə nəzarət etməyə imkan verəcək. Bu da nəticə etibarilə tibbi xidmətin keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Artıq ödənişlər, yaxud ödənişlərin həyata keçirilməməsi və digər bu kimi məsələlərlə bağlı yaranan suallar, ilk növbədə Tibbi Sığorta üzrə Ekspertiza Agentliyində araşdırılmalıdır. Əgər bu qurumda da vətəndaşın problemi həllini tapmazsa, əlbəttə ki, məsələyə məhkəmə yolu ilə baxılması ən doğru yanaşma olardı”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki