ABŞ hökuməti qeyri-immiqrasiya vizalarına, xüsusən də turist və işgüzar səfərlər üçün nəzərdə tutulan B-1/B-2 vizalarına yeni maliyyə tələbi tətbiq edib.
Yeni qərara əsasən, bu kateqoriyaya aid vizalara müraciət edən əcnəbilər üçün əlavə 250 ABŞ dolları məbləğində yeni viza rüsumu müəyyən edilib.
Bu ödəniş artıq mövcud olan 185 dollarlıq viza rüsumuna əlavə olunacaq və nəticədə B-1/B-2 turist vizasının ümumi qiyməti 435 dollara çatacaq.
Yeni tətbiq olunan bu rüsumun əsas məqsədi ABŞ-ın immiqrasiya sistemindəki inzibati xərcləri kompensasiya etmək və viza prosesinin maliyyə yükünü daha çox müraciət edən şəxslərin öz üzərinə götürməsini təmin etməkdir. Dövlət Departamenti bildirir ki, bu addım həm də ABŞ-ın milli təhlükəsizliyi, sərhəd nəzarəti və konsulluq xidmətlərinin maliyyə dayanıqlığını artırmağa yönəlib.
Rəsmilər vurğulayırlar ki, bu dəyişiklik turist axınının qarşısını almaq məqsədi daşımır, əksinə, vizaların verilməsində daha şəffaf və dayanıqlı bir sistemin formalaşdırılması üçün atılmış bir addımdır. Yeni rüsum tələbi 2025-ci ildən etibarən qüvvəyə minəcək və bütün ölkələrdən olan namizədlər üçün eyni qaydada tətbiq olunacaq.
Qeyd edək ki, ABŞ-a səfər etmək istəyənlər viza müraciətlərini planlaşdırarkən yeni xərcləri də nəzərə almalıdırlar. ABŞ-da təhsil, müalicə, işgüzar əlaqələr və ya turizm məqsədilə səfər etmək istəyən şəxslər üçün bu rüsum əlavə maliyyə yükü yaratsa da, viza alma prosesində ciddi məhdudiyyət hesab edilmir. Bununla belə, bəzi mütəxəssislər bu addımın inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün əlavə çətinliklər yaradacağını bildirirlər.