Son günlər ölkə daxilində fəaliyyət göstərən iri marketlər şəbəkəsində sellofan torbaların (klokların) qiymətində müşahidə olunan artım istehlakçılar arasında ciddi narazılığa və suallara səbəb olub.
Mövzu ilə bağlı danışan tanınmış iqtisadçı Natiq Cəfərli "Referans Media"ya özəl açıqlamasında qiymət artımının pərdəarxası məqamlarına aydınlıq gətirib.
İqtisadçı qeyd edib ki, bu bahalaşmanın həm qlobal, həm də yerli hüquqi səbəbləri var:
"Sellofan torbaların dövlət tərəfindən tənzimlənən qiymətlər çərçivəsinə daxil deyil. Bu isə o deməkdir ki, marketlər bu məhsula özləri sərbəst şəkildə qiymət qoya bilərlər. Qiymətlərin artmasının əsas səbəbi isə birbaşa maya dəyərinin yüksəlməsidir.
Bildiyimiz kimi, sellofan neft məhsulu olan polimerlərdən istehsal olunur. Son zamanlar dünya bazarında polimerlərin qiymətində ciddi artım var və çox güman ki, daxili bazardakı bahalaşma da məhz bununla əlaqədardır. Yəni təkrar edirəm, bu, tənzimlənən qiymət olmadığı üçün marketlərə hər hansı rəsmi irad bildirmək də hüquqi baxımdan mümkün deyil.
Əslində, Nazirlər Kabinetinin sellofan küləklərin mütləq şəkildə pulla satılması barədə vaxtilə verdiyi məlum qərar, bir növ, marketlərin əl-qolunu açdı və onlara qiymət siyasətini tam sərbəst müəyyən etmək imkanı yaratdı."
Natiq Cəfərlinin sözlərindən belə rəsm olunur ki, ekoloji təmizliyi qorumaq və plastik tullantıları azaltmaq məqsədilə atılan hüquqi addımlar, hazırda qlobal xammal bahalaşması fonunda marketlərin kommersiya maraqlarına xidmət edən bir alətə çevrilib. Sərbəst bazar iqtisadiyyatının qaydalarına görə, tənzimlənməyən bu sahədə yaxın gələcəkdə qiymətlərin necə dəyişəcəyi isə tamamilə xarici bazardan və ticarət şəbəkələrinin rəqabət mühitindən asılı olacaq.
