image-esger_herbci_backend

Azərbaycan Ordusu Ermənistanı qoruyacaq – İyundan SONRA…

Ermənistanın KTMT-dən çıxması haqda qərar mövcud vəziyyətdən asılı olaraq qəbul ediləcək. Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

“Sonda biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağıq, ya yox – bu artıq başqa məsələdir, bunu deyə bilmərəm. Buna görə də qərarı mövcud vəziyyətdən çıxış edərək verəcəyik” – Baş nazir qeyd edib. Belə görünür ki, budəfəki seçkilərdə Paşinyan ciddi uğur qazansa, Ermənistanın rəsmən KTMT-dən çıxması qaçılmaz olacaq. Yoxsa Paşinyan seçki ərəfəsində Ermənistanın KTMT-dən çıxması haqda qərarın mövcud vəziyyətdən asılı olacağını niyə desin ki?

Azərbaycan Ermənistanın təhlükəsizliyinə qarant ola bilərmi?

Referans Media xəbər verir ki, deputat Azər Badamov Musavat.com-a bildirib ki, Paşinyanın verdiyi açıqlama İrəvanın yekun təhlükəsizlik strategiyası formalaşdırmadığını göstərir. Onun fikrincə, bu yanaşma həm daxili siyasi amillərlə, həm də xarici geosiyasi balans axtarışları ilə bağlıdır:

“Əgər Ermənistan ənənəvi təhlükəsizlik mexanizmlərindən uzaqlaşarsa, yeni təhlükəsizlik modelini harada və necə quracaq? Məhz bu nöqtədə Azərbaycanın regionda yaratdığı yeni reallıq xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan yalnız hərbi-siyasi deyil, həm də diplomatik müstəvidə region üçün yeni çərçivə formalaşdırıb. Bu çərçivənin əsasını isə qarşıdurma deyil, sülh, sabitlik və əməkdaşlıq təşkil edir. Azərbaycanın irəli sürdüyü əsas prinsip dövlətlərin suverenliyi qarşılıqlı şəkildə tanınmalı, sərhədlərin toxunulmazlığı təmin edilməli və münasibətlər düşmənçilik yox, əməkdaşlıq üzərində qurulmalıdır”.

Deputata görə, “Azərbaycan Ermənistanın təhlükəsizliyinə qarant ola bilərmi” sualına fərqli prizmadan yanaşmaq lazımdır: “Klassik mənada yanaşsaq, yəni hərbi ittifaq və ya birbaşa müdafiə öhdəliyi şəklində real deyil. Amma daha mühüm və real olan başqa model mövcuddur. Əgər Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, regionda tamamilə yeni təhlükəsizlik mühiti formalaşacaq. Bu mühitdə müharibə ehtimalı kəskin şəkildə azalacaq, hətta demək olar ki, uzunmüddətli perspektivdə aradan qalxacaq. Çünki sülh sazişi yalnız siyasi sənəd deyil. Bu həm də qarşılıqlı öhdəliklər, iqtisadi əlaqələr və etimad mexanizmləri yaradır. Digər tərəfdən, regionda əvvəlki gərginliklərin və müharibə risklərinin əsas mənbələrindən biri məhz Ermənistanın əvvəlki siyasəti olub. Yeni reallıq isə bu yanaşmanın artıq işləmədiyini göstərir. Bugünkü şərait Ermənistan üçün seçim imkanını yaranır. Bu, ya köhnə təhlükəsizlik illüziyalarına bağlı qalmaq, ya da yeni regional reallığa uyğunlaşmaqdan ibarətdir. Əgər Ermənistan bu yeni reallığa vaxtında adaptasiya olunarsa, əslində öz təhlükəsizliyini daha effektiv şəkildə təmin etmiş olacaq. Bu halda onun kənardan təhlükəsizlik qarantları axtarmasına da ciddi ehtiyac qalmayacaq”.

Deputat əlavə edib ki, Azərbaycanın təqdim etdiyi təhlükəsizlik modeli məhz regionu rəqabət və qarşıdurma məkanından əməkdaşlıq və inkişaf platformasına çevirmək üzərində qurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki