Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR: Tariflərdə yenilik olacaq

Azərbaycan mobil internet sürətinə görə qlobal miqyasda 50-ci yerdə qərarlaşıb və ölkədə orta qoşulma sürəti 95,43 mbps təşkil edir. Lakin son dövrlər internet tariflərinin artmasına baxmayaraq, xüsusilə bölgələrdə istifadəçilər sürət və keyfiyyətlə bağlı ciddi problemlərdən şikayətlənirlər. Ekspertlər hesab edir ki, qiymətlə xidmət keyfiyyəti arasında balans qorunmalıdır və bu sahədə şəffaflıq gücləndirilməlidir.

Referans Media-ya açıqlama verən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, Bakı ilə regionlar arasında mobil internet infrastrukturu baxımından ciddi fərqlər mövcuddur:

“Bakıda anten və ötürücü şəbəkələri daha sıxdır. Regionlarda isə əhali sıxlığı az olduğuna görə ötürücü şəbəkələrin sayı da nisbətən azdır. Bu səbəbdən bölgələrdə müəyyən zəifliklərin olması mümkündür. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək”.

Ekspert qeyd edib ki, şəbəkənin real tətbiqi və dəstəklənməsi məsələləri aidiyyəti dövlət qurumlarının fəaliyyəti çərçivəsində daha da gücləndiriləcək:

“İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlar tərəfindən bu istiqamətdə işlər aparılacaq və nəticədə xidmət səviyyəsi daha məqbul hala gələcək”.

Fərid Kazımovun sözlərinə görə, internet xidmətləri ilə bağlı əsas problemlərdən biri istifadəçilərin ödədiyi məbləğ qarşılığında hansı sürəti almalı olduqlarını dəqiq bilməmələridir:

“Əgər mobil operatorlar və internet provayderləri üçün minimum sürət standartları müəyyənləşdirilsə, məsələn istifadəçiyə minimum 100 Mbit/s sürət təqdim olunmalıdır deyilsə, o zaman abonent də ödədiyi məbləğin qarşılığında hansı xidməti almalı olduğunu biləcək. Əgər təqdim olunan sürət vəd ediləndən 70 faiz aşağıdırsa, istifadəçi artıq rəsmi şəkildə şikayət edə bilər və provayderlərə qarşı sanksiyalar tətbiq oluna bilər”.

Ekspert vurğulayıb ki, hazırda bəzi hallarda provayderlər xidmət haqqını tam alsalar da, vəd edilən keyfiyyəti təmin edə bilmirlər:

“Mobil operatorlar və internet provayderləri sahəsində müəyyən boşluqlar və qeyri-şəffaf məqamlar var. Hər bir istifadəçi bilməlidir ki, istifadə etdiyi internet paketində minimal sürət nə qədərdir. Əgər qiymətlər artırılırsa, vətəndaş da haqlı olaraq soruşmalıdır ki, niyə daha çox pul ödəyirəm, amma eyni sürəti ala bilmirəm?”

Fərid Kazımov bildirib ki, sürətin ölçülməsi ilə bağlı da artıq beynəlxalq standartlara uyğun sistemlər tətbiq olunur:

“Dünyada qəbul olunmuş Speedtest sistemi artıq Azərbaycanda da rəsmi şəkildə dəstəklənir. Həmin avadanlıqlar ölkədə yerləşdirilib və bu sistem üzərindən ölçülən sürətlər rəsmi hesab olunur. Buna görə də provayderlər artıq sürət göstəricilərinə etiraz edə bilməzlər”.

Sonda ekspert qeyd edib ki, 2026-cı ildən etibarən İKT sahəsində nəzarət mexanizmləri daha da gücləndiriləcək:

“Bu istiqamətdə işlər artıq aparılır. Ümid edirəm ki, görülən tədbirlər nəticəsində həm internet sürəti, həm də xidmət keyfiyyəti artacaq və istifadəçilərin hüquqları daha effektiv şəkildə qorunacaq”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki