backend

Bakı Gürcüstanı cəzalandıra bilər – Tiflisin o İKİ yanlışı…

Azərbaycan Güney Qafqazda böyük sülhün və qarşılıqlı əməkdaşlıq mühitinin bərqərar olması üçün tarixi missiyasını davam etdirir. Dünənin işğalçı dövləti Ermənistana sülh müqaviləsi imzalanmadan son vaxtlar ard-arada edilən güzəştlər sözsüz ki, bu missiyanın zəruriliyindən və dərk olunan məsuliyyətindən qaynaqlanır.

Əlbəttə, Bakının postmüharibə dönəmində qonşularla “sıfır problem” siyasəti və nümunə olan davranışı milli maraqlarımızın diktəsidir. Çünki bu kurs bölgədə yeni müharibələri önləməklə yanaşı, bəzi böyük güclərin region xalqlarını təzədən qarşı-qarşıya qoyub qırdırmaq imkanlarını minimuma endirməyə, yaxud gündəmdən həmişəlik çıxarmağa hesablanıb. Təbii ki, bundan ötrü digər qonşular, xüsusən də Ermənistan və Gürcüstan Bakıya gərəkən dəstəyi verməlidir, nəinki öz konyuktur maraqlarının naminə prosesə əngəl olmalıdır.

Gəldik mətləbə.

Ötən ay 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana ünvanlı taxılın Azərbaycan və Gürcüstan üzərindən dəmiryolu tranziti reallaşdı. Bu günlərdə isə Bakı qonşu ölkəyə neft məhsulları satmaq barədə qərar verib. Artıq o da məlumdur ki, Gürcüstan hökuməti Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək.

Ancaq bundan öncə Tiflis hər ton üçün fantastik rüsum – 0.92 dollar tələb eləmişdi. Halbuki eyni yük üçün Azərbaycan ərazisində tarif cəmi 0.02 dollardır! Odur ki, haqlı sual yaranır: bəs birdəfəlik güzəştdən sonra necə olacaq, Gürcüstan yenə 0.92 dollarda təkid edəcək, yoxsa? Bundan az öncə isə azərbaycanlı TIR sürücülərini qonşu ölkənin gömrük postlarında əsassız yerə incidib on günlərlə ləngitmişdilər (Problemin təkrarlanmayacağına zəmanət yoxdur)…

Paradoks da ondadır ki, məhz Azərbaycan investisiyaları və strateji infrastruktur layihələri hesabına regionun mühüm tranzit ölkəsinə çevrilən Gürcüstan indi özünün rəqabət üstünlüklərini zəiflədən addımlar atır, sanki “öz ayağına güllə” sıxır. Region üçün olduqca həssas bir dönəmdə Tiflisin Bakıya qarşı bu cür qeyri-dostyana davranışı əslində rasional iqtisadi strategiyadan daha çox, bölgədə qarşılıqlı etimadın pozulmasına bənzəyir və əsla anlaşılmır. Eyni zamanda, bu kurs qaçılmaz olaraq Bakını alternativ marşrutlar axtarmaq zorunda qoyur.

Minval Politika-nın bu xüsusda etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan artıq alternativ logistikanı inkişaf etdirmək üçün öz imkanlarını qiymətləndirməyə başlayıb. Söhbət sovet dövründə mövcud olmuş və Bakını Qazaxla birləşdirən, sonra isə İcevanadək davam edən dəmir yolu xəttindən gedir. Artıq Azərbaycan tərəfi həmin hissəni – Qazaxdan Ermənistanla ənənəvi sərhədə qədər bərpa etmək imkanını nəzərdən keçirir.

“Əldə etdiyimiz məlumata görə, ilkin qiymətləndirmə başlayıb: tranzitin bir hissəsinin – Gürcüstan asılılığından azad edəcək hissənin mümkün bərpası üçün texniki parametrlər, xərclər və müddətlər öyrənilir. Daha sonra yüklər sərhədi avtomobil yolu ilə keçə və Ermənistanın daha dərin hissələrinə gedə bilər. Bu, müasir logistika baxımından tamamilə mümkün bir həldir”, – mənbə sayta deyib.

Eyni zamanda, yol marşrutları variantının araşdırıldığı bildirilir. “Marşrut hələ dəqiqləşdirilməyib, alternativ dəhlizlər və onların səmərəliliyi müzakirə olunur. Lakin belə müzakirələrin aparılması faktının özü çox şeydən xəbər verir: Azərbaycan daha Gürcüstanı yeganə və ya əvəzolunmaz tranzit ölkəsi qismində görmür. Burada vacib siyasi siqnal da var. Əgər kimsə logistik baxımdan Bakını özündən asılı vəziyyətə sala biləcəyini düşünürsə, bu, böyük yanlışlıqdır”, – məlumatda vurğulanır…

Beləcə, rəsmi Tiflisin yanlışı sanki Azərbaycanı ayıldıb. Bakı üçün alternativ marşrutların vacibliyi ciddi şəkildə gündəmə gəlib. Bu, həm də Gürcüstanın nə vaxtsa “cızığından çıxıb” hansısa şəkildə Azərbaycana təzyiq taktikası seçməyi önləmək və onu “yerində oturtmaq” üçün düşünülmüş “profilaktik” gedişdir. Bir az da əlbəttə ki, ibrət dərs vermək niyyəti güdülür.

Odur ki, qonşu ölkədə bu qəbil mühüm gəlişmələri vaxtında və düzgün oxumalı, regionun açar ölkəsinin Gürcüstan yox, Azərbaycan olduğunu unutmamalıdırlar. Əks halda Bakının kifayətə qədər rıçaqı var. Misal üçün, elə təkcə qonşu ölkəyə satılan qazın qiymətini azca qaldırmaq yetər…/musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki