image-rhp4r0zsuxbackend

Bakı Metrosunda 10 yeni stansiya tikiləcək: Bənövşəyi və yaşıl xətlər genişlənir

Bakı metrosunda yeni stansiyaların tikintisi ilə bağlı işlər mərhələli şəkildə davam etdirilir.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans Media-ya məlumat verib.

Onun sözlərinə görə, cənab Prezident tərəfindən yanvar ayının 30-da 10 yeni stansiyanın inşasını nəzərdə tutan dövlət proqramı təsdiq edilib və dərhal layihələndirmə və hazırlıq işlərinə başlanılıb. Metro tikintisinin özünəməxsus xüsusiyyətləri olduğunu qeyd edən B.Məmmədov bildirib ki, proses mərhələli şəkildə həyata keçirilir və Prezidentin də vurğuladığı kimi stansiyaların yerləşəcəyi ərazilər artıq dəqiqləşdirilib. Layihədən başlanan işlər planlaşdırılmış qaydada davam edir.

Məlumata görə, bu il şərti adı B-4 olan bir stansiyanın açılması nəzərdə tutulur. Həmin stansiya 1 saylı Şəhər Klinik Xəstəxanasının (keçmiş “Semaşko”) arxasında və ya Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yerləşəcək. Stansiyanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, bu ildən etibarən Azərbaycan qanunvericiliyinə və hüquqi-normativ tələblərə uyğun olaraq digər stansiyaların da inşasına keçid mərhələsinə başlanılacaq.

Yeni layihəyə əsasən, bənövşəyi xətt üzrə 6, yaşıl xətt üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bənövşəyi xəttin seçilməsi şəhərin əsas inkişaf istiqamətləri ilə bağlıdır. Hazırda bu xətt metronun nisbətən zəif inkişaf etmiş istiqamətlərindən biridir – cəmi 4 stansiyası var və sərnişindaşımadakı payı 3 faizdən bir qədər artıqdır. Məqsəd bu xəttin səmərəliliyini artırmaqdır.

B-4 stansiyasından sonra Nizami stansiyası yaxınlığında yaşıl xəttə, Sahil metrostansiyası ərazisində isə qırmızı xəttə keçid funksiyası daşıyan stansiyaların inşası planlaşdırılır. Bu, sərnişinlərin yerin üstünə çıxmadan bir xətdən digərinə rahat keçidini təmin edəcək.

Beləliklə, Masazır, Xırdalan və Sumqayıt istiqamətindən gələn sərnişinlər Avtovağzal stansiyasından istifadə edərək yaşıl xətt üzrə Nizami, Elmlər Akademiyası və ya Xətai istiqamətində, eləcə də Sahil stansiyası üzərindən qırmızı xəttlə Həzi Aslanovadək fasiləsiz hərəkət edə biləcəklər.

Bənövşəyi xətt üzrə növbəti stansiyalar Neftçilər xəstəxanası və Port Baku ətrafında, Xətai stansiyasına keçidi təmin edən ərazilərdə, eləcə də Babək prospekti istiqamətində yerləşəcək. Bu xətt üzrə ümumilikdə 6 stansiyanın 2030-cu ilədək tikilməsi planlaşdırılır.

Yaşıl xətt üzrə isə yeni stansiyalar Xətai stansiyasından sonra Nizami Gəncəvi adına parkın yaxınlığında, Ağ Şəhər ərazisində, 8 Noyabr prospektindən NZS qəsəbəsi istiqamətinə dönən ərazidə, Əhmədlidə “Nargilə” kimi tanınan ərazi və keçmiş Bakı Avtomobil Zavodu ətrafında, eləcə də layihə adı E-17 olan və “Həzi Aslanov-2” kimi tanınan stansiyada inşa ediləcək. Həmin stansiya qırmızı xətt üzrə Həzi Aslanov stansiyasına keçid funksiyasını yerinə yetirəcək.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki