Suriya ilə bağlı beynəlxalq səviyyəli diplomatik görüşlərin növbəti mərhələsi Bakıda baş tutacaq.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrail nümayəndə heyəti Bakıya səfər edəcək və danışıqlar zamanı Suriya tərəfi ilə konkret razılaşmaların əldə olunması gözlənilir.
Paralel olaraq “Əl-Ərəbiyyə” nəşri yazıb ki, ABŞ-ın vasitəçiliyi, eləcə də Türkiyənin dəstəyi ilə Suriya və İsrail arasında təhlükəsizlik məsələləri üzrə təmaslar bərpa olunub.
Danışıqların gündəmində bölgədə yaşayan kürd, druz və ələvi icmalarının gələcək statusu, həmçinin İsrailin regional rolu yer alır. Həmçinin vurğulanır ki, İsrail nümayəndələri Əs-Süveyda bölgəsi ətrafındakı mübahisəli məsələlərin həlli üçün Bakıda keçiriləcək görüşlərə qatılacaq.
Bununla yanaşı İsrail tərəfi Suriyaya qarşı hərbi əməliyyatları tam dayandırmaq öhdəliyi götürməkdən çəkinir. Lakin o, 1974-cü ildə müəyyən olunmuş atəşkəs xətti boyunca 80 kilometrlik və müxtəlif dərinliyə malik demilitarizasiya zonasının yaradılmasını israrla irəli sürür.