Yay mövsümünün başlaması ilə bağ evlərinin kirayəsinə maraq artıb. Lakin son illərdə vətəndaşların istirahət seçimlərində ciddi dəyişiklik müşahidə olunur. Əvvəllər əsasən Bakıətrafı və dənizkənarı ərazilərdə yerləşən bağ evlərinə üstünlük verilsə də, hazırda daxili turizmin inkişafı ilə əlaqədar olaraq bölgələrdəki bağ evlərinə tələbat daha da yüksəlib.
Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdən gedir. Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat, Mərdəkanda 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir. Bəs bu mövsüm bağ kirayələmək niyə belə fantastik qiymətədir?
Əmlak eksperti Elnur Fərzəliyev Referans Media-ya açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə vətəndaşların istirahət üçün seçimləri dəyişib. Onun sözlərinə görə, xüsusilə təbiəti, turizm infrastrukturu və xidmət imkanları ilə seçilən bölgələrdə bağ evlərinə maraq artıb.
Ekspert qeyd edib ki, bölgələrdə bağ evlərinin gündəlik kirayə qiymətləri minimum 50 manatdan başlayır və evin yerləşdiyi ərazi, şəraiti və imkanlarından asılı olaraq 600-700 manata qədər yüksələ bilir.
Bakıətrafı və dənizkənarı ərazilərdə isə qiymətlər daha yüksəkdir. Bu zonalarda bağ evlərinin gündəlik kirayəsi təxminən 150 manatdan başlayaraq bir neçə min manata qədər dəyişir. Hətta bəzi lüks bağ evlərinin gündəlik kirayə qiyməti 3-5 min manata çata bilir.
Elnur Fərzəliyev vurğulayıb ki, əvvəlki dövrlərdə Bakıətrafı ərazilərdəki bağ evlərinə tələbat daha yüksək olsa da, hazırda vətəndaşların böyük hissəsi bölgələrdə yerləşən istirahət məkanlarına üstünlük verir. Bunun əsas səbəbləri arasında bölgələrdə turizm infrastrukturunun inkişafı, təbii şəraitin daha əlverişli olması və daha geniş istirahət imkanlarının yaradılması göstərilir.
Ekspertin sözlərinə görə, bu tendensiya investorların da diqqətindən yayınmayıb. Son illərdə bir çox investor turizm bölgələrinə yönələrək həmin ərazilərdə bağ evləri, hotellər, restoranlar və müxtəlif xidmət obyektləri inşa etməyə başlayıb.
Bağ evlərinin kirayə qiymətlərinə təsir edən əsas amillərdən biri də daşınmaz əmlak bazarında baş verən qiymət artımlarıdır. Ekspert bildirib ki, bağ evlərinin və onların yerləşdiyi torpaq sahələrinin satış qiymətlərinin yüksəlməsi nəticə etibarilə həm aylıq, həm də gündəlik kirayə qiymətlərinin artmasına səbəb olub.
Nəticə etibarilə, yay mövsümündə bağ evlərinə tələbat artsa da, istirahət bazarında əsas istiqamət dəyişib. Artıq vətəndaşlar yalnız dənizkənarı əraziləri deyil, təbiəti və turizm imkanları ilə seçilən bölgələri də daha çox seçirlər.
