image-sokuntu-1backend

Bakının bu ərazilərində kütləvi söküntü başlayır – Qiymətlər belə olacaq

Bakıda kütləvi söküntülər başlayır. Belə ki, paytaxtın 7 rayonunda – Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar artıq müəyyənləşdirilib və aktlaşdırılıb.

Bu söküntülər tikinti sektorunda canlanmaya təkan verəcək? Evlərin qiyməti yenidən bahalaşacaqmı?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, “kütləvi söküntü” ifadəsi bəzən düzgün başa düşülmür.

Onun sözlərinə görə, əslində, bu proses Bakının Baş planına, eləcə də 2025-2030-cu illəri əhatə edən dövlət proqramına uyğun şəkildə həyata keçirilən bir layihədir:
“Bu proses mərhələli şəkildə icra olunur. Adıçəkilən rayonlarda və ümumilikdə paytaxtın digər ərazilərində qəzalı vəziyyətdə olan, istismar müddətini başa vuran, Baş plana uyğun olaraq nəzərdə tutulan infrastruktur layihələrinin icrasına maneə yaradan və bütövlükdə şəhərsalma baxımından sökülməsi zəruri hesab edilən tikililərlə bağlı hökumət tərəfindən müvafiq qərarlar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, bazar dəyəri əsasında kompensasiya ödənilməklə bu tikililərin sökülməsi prosesi həyata keçirilir”.

Ekspert bildirib ki, bilavasitə dövlət tərəfindən icra olunan layihələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa iştirakı və nəzarəti altında reallaşdırılır: “Təbii ki, bu layihələrdə mövcud büdcə vəsaitlərindən səmərəli istifadə prioritet məqsədlərdən biridir. Eyni zamanda illik büdcə vəsaitlərinin bölüşdürülməsi məsələsi də aktuallığını qoruyur. Qeyd olunan bütün rayonlarda söküntü işlərini bir il ərzində başa çatdırmaq mümkün deyil. Bu, mövcud imkanlara da adekvat deyil. Ona görə də “kütləvi” adlandırılan söküntülər mərhələli şəkildə həyata keçirilən proqramlar çərçivəsində icra olunacaq”.

R.Osmanlı qeyd edib ki, evlərin qiymətində hələlik ciddi artım gözlənilmir: “Lakin ipoteka kreditlərinin verilməsinə start verildikdən sonra müəyyən qədər qiymət artımı mümkündür. Ümumilikdə hesab edirəm ki, il ərzində ölkə daxilindən kənar təsirlər baş verməzsə, əvvəlki illərdə olduğu kimi dinamik qiymət artımları müşahidə olunmayacaq. Artımlar olacaq, amma bu, nisbi xarakter daşıyacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki