İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah“la qarşılaşmaq üçün bu gün Bakıya gəlir.
Referans Media oxu.az-a istinadən xəbər verir ki, klub prezidenti Xuan Laportanın da yer aldığı klub nümayəndə heyətinin olduğu təyyarə Bakı vaxtı ilə saat 16:00-da Barselonadan havaya qalxacaq. Təxminən beş saat 10 dəqiqə sonra komandanın paytaxtımıza çatacağı planlaşdırılır.
Qonaq kollektivin Bakıda qalacağı ünvan da bəllidir. “Barselona” səfər müddətində Bakının mərkəzindəki beşulduzlu hotellərdən birində qalacaq.
Hansi Flikin komandası uzun uçuşdan sonra bu gün məşq keçirməyəcək. Futbolçular oyundan bir gün əvvəl – noyabrın 24-də saat 17:00-da Bakı Olimpiya Stadionunda son hazırlıqlarını görəcəklər. Bundan əvvəl Flik və komandanın bir üzvü jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də start götürəcək. Qarşılaşma başa çatdıqdan sonra İspaniya klubu geri dönəcək. Komandanın Barselonaya noyabrın 26-na keçən gecə saat 04:40-da çatması nəzərdə tutulub.
