Almaniya futbolunun əfsanəsi, 1990-cı il dünya çempionu Lotar Matteus "Bavariya" rəhbərliyini Camal Müsiala ilə bağlı yaranmış vəziyyəti ictimaiyyət qarşısında deyil, qapalı danışıqlar yolu ilə həll etməyə çağırıb.
Referans Media xəbər verir ki, Matteus Münhen klubunun rəhbər şəxslərinin Müsialanın gələcəyi ilə bağlı son açıqlamalarını tənqid edib.
O, ilk olaraq Uli Hönessin, daha sonra Yan-Kristian Drezenin, son olaraq isə Karl-Haynz Rummeniggenin məsələ ilə bağlı fikirlər səsləndirməsindən təəccübləndiyini bildirib.
Matteusun sözlərinə görə, "Bavariya" uzun müddətdir güclü daxili münasibətləri olan böyük bir ailə kimi təqdim edilir və klubun uğurlarında bu amilin də mühüm rolu var.
Əfsanəvi futbolçu hesab edir ki, klub rəhbərliyi ilə Camal Müsialanın nümayəndələri məsələni ictimai müzakirəyə çıxarmadan bir araya gəlməli və ortaq qərara gəlməlidirlər.
"Bəs niyə hər iki tərəf sakit bir otaqda oturub bu məsələni ictimai açıqlamalar vermədən həll etmir? Müsialanın nümayəndələri ilə "Bavariya" arasında danışıqlar aparılmalıdır.
Müsialanın öz tərəfindən isə heç nə eşitmirik. Onun nümayəndələri hələ klubla danışıqlar aparmayıblar. Eyni zamanda, klub da futbolçunun təmsilçiləri ilə əlaqə saxlamayıb. Düşünürəm ki, vəziyyət daha da gərginləşmədən bunu etmək lazımdır.
Çünki bu vəziyyətdən ən çox zərər görən Camal Müsialadır. Təzyiq onun üzərindədir, nəticə də ondan gözlənilir. Xüsusilə klubda çoxsaylı zədələnmiş futbolçuların olduğu bir vaxtda. Bir-birinizlə danışın və ortaq həll yolu tapın!" – deyə Matteus bildirib.
Qeyd edək ki, Matteusun açıqlamasını "Sky Sport Germany" yayıb./BAKU.WS/
