DİQQƏT! Azərbaycanda ƏT BAHALAŞACAQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) diri heyvanların ölkəyə idxalı ilə bağlı tətbiq etdiyi yeni tələblər bazarda geniş müzakirələrə səbəb olub. Yeni qaydalara əsasən, heyvanlar yalnız xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə daşınmalı olacaq ki, bu da idxalçılar üçün əlavə logistika və maliyyə xərcləri yarada bilər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə tətbiq etdiyi son məhdudiyyətlərin qırmızı ət bazarına mümkün təsirləri müzakirə olunur. Ekspertlər hesab edirlər ki, qərarın əsas məqsədi epizootik təhlükənin qarşısını almaq olsa da, onun bazarda qiymətlərə təsiri də diqqətdən kənarda qalmamalıdır.

Bəs bu dəyişikliklər ət və diri heyvanların satış qiymətlərinə necə təsir göstərəcək, əlavə xərclərin yükü sonda istehlakçının üzərinə düşəcəkmi?


Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, AQTA-nın son qərarı qısamüddətli dövrdə qırmızı ətin qiymətinə təzyiq yarada bilər.

Onun sözlərinə görə, əgər heyvanların daşınması və ya müəyyən bölgələrdən gətirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunursa, bu, qəssabxanaların və digər satış məntəqələrinin xammala çıxışını çətinləşdirə, nəticədə bazarda təklifin azalmasına səbəb ola bilər. Təklif azaldıqda isə qiymətlərin yüksəlməsi ehtimalı artır.
İqtisadçı xatırladıb ki, ötən il dabaq xəstəliyi ilə bağlı tətbiq edilən məhdudiyyətlər zamanı da oxşar vəziyyət yaşanmışdı. Həmin dövrdə bazarda heyvan qıtlığı yaranmış, nəticədə qırmızı ətin qiyməti yüksəlmiş və uzun müddət əvvəlki səviyyəsinə qayıtmamışdı. Bu baxımdan, hazırkı qərarın da analoji nəticələr doğura biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Akif Nəsirlinin fikrincə, qərarın əsas məqsədi heyvan sağlamlığını qorumaq olsa da, belə məhdudiyyətlərin iqtisadi təsirləri də nəzərə alınmalıdır. Yalnız qadağa və məhdudiyyətlərlə problemi həll etməyə çalışmaq bazarda qiymət artımına, həm istehsalçıların, həm də istehlakçıların əlavə maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər. Xəstəliyin yayıldığı ərazilərlə sağlam təsərrüfatlar arasında fərq qoyulmadan geniş məhdudiyyətlərin tətbiqi bazarın normal fəaliyyətinə mənfi təsir göstərir.
Ekspert hesab edir ki, daha effektiv yanaşma riskli ərazilərdə nəzarətin gücləndirilməsi, operativ diaqnostikanın təşkili, peyvəndləmə tədbirlərinin genişləndirilməsi və sağlam təsərrüfatların fəaliyyətinin davam etdirilməsinə şərait yaradılması ola bilər.

İqtisadçı sonda vurğulayıb ki, bu istiqamətdə balanslı qərarlar qəbul edilməzsə, bazarda təklifin azalması fonunda qırmızı ətin qiymətində yeni bahalaşma dalğası yarana bilər. Onun sözlərinə görə, belə vəziyyətdə ən böyük yük yenə də istehlakçıların üzərinə düşəcək və ərzaq bazarında inflyasiya təzyiqi daha da güclənə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki