ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə fəaliyyət göstərən kürd silahlı qrupları ilə bağlı sərt açıqlamalar verib. Tramp həmin qrupların yalnız maliyyə qarşılığında döyüşdüklərini iddia edib.
Referans Media xəbər verir ki, Ağ Evdə keçirilən iclasdan sonra jurnalistlərin suallarını cavablandıran Tramp İran mövzusu ilə bağlı danışarkən kürd qruplarını da hədəf alıb.
Donald Tramp bildirib ki, İranlı etirazçılara çatdırılması nəzərdə tutulan silahların bir hissəsi kürd qruplarının əlində saxlanılıb.
“Kürdlər bizi məyus etdi”, – deyən Tramp ABŞ Konqresində kürd qruplarına münasibətin müsbət olduğunu, lakin özünün bu fikirlə razılaşmadığını vurğulayıb.
ABŞ prezidenti çıxışında belə deyib: “Kürdlər həmişə alır, alır, alır. Konqres onların çox sərt döyüşdüyünü deyir. Amma onlar yalnız ödəniş ediləndə döyüşürlər. Buna görə kürdlərdən çox məyus oldum”.
Xatırladaq ki, Donald Tramp daha əvvəl də oxşar açıqlamalar vermişdi. Həmin vaxt bəzi kürd silahlı qrupları ABŞ-dən İranlı etirazçılar üçün silah aldıqları barədə iddiaları təkzib etmişdilər.
Trampın son açıqlamalarının ABŞ-nin Yaxın Şərq siyasəti, İran daxilindəki etiraz aksiyaları və Vaşinqtonun bölgədəki qeyri-rəsmi dəstək mexanizmləri ilə bağlı yeni müzakirələr yaradacağı bildirilir.
