Qlobal analitik şirkətlərin yayımladığı son hesabatlara əsasən, 2024-2025-ci illərdə dünya üzrə ən çox satılan smartfon markaları məlum olub.
Referans Media xəbər verir ki, araşdırma nəticələrinə əsasən, bazarda liderlik uğrunda əsas rəqabət “Samsung” və “Apple” arasında davam edir. Hesabatlara görə, “Samsung” geniş model çeşidi və orta qiymət seqmentində güclü mövqeyi sayəsində ümumi satış həcminə görə liderliyini qoruyub. Xüsusilə “Galaxy A”seriyası bir çox regionda ən çox satılan modellər sırasında yer alıb.
“Apple” isə premium seqmentdə yüksək tələbatla diqqət çəkib. “iPhone” modellərinin güclü satışları nəticəsində “Apple” bəzi dövrlərdə “Samsung” ilə fərqi minimuma endirib və qlobal bazarda ilk pilləyə yüksəlmək potensialı nümayiş etdirib.
Araşdırmada “Xiaomi” üçüncü ən çox satılan telefon markası kimi göstərilir. Çin istehsalçısı xüsusilə Asiya və Avropa bazarlarında münasib qiymət-performans balansı ilə satışlarını artırıb. Bundan başqa, “OPPO” və “vivo” markaları da qlobal bazarda ilk beşlikdə yer alıb. Bu şirkətlər əsasən Asiya və Afrika bazarlarında güclü mövqelərə malikdir.






















