İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli “Netfliks” platformasında yayımlanan “The Cleaning Lady” serialının 1-ci sezonunun 3-cü bölümündəki (təxminən 26-cı dəqiqədə) Qarabağ detalına diqqət çəkib. Belə ki, həmin səhnədə erməni mafiya başçısı oğlunun Azərbaycandan torpaqlarını geri almaq üçün döyüşəcəyini bildirir.
Rəsmi Bakı bu məsələ ilə bağlı hansısa addımlar atmalıdırmı?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, “Netfliks”in Azərbaycanda geniş istifadə olunması və maraq doğurmasını nəzərə alaraq, belə məzmunlara münasibət bildirmək hüququmuz var:
“Əlbəttə, burada bədii yaradıcılıq və təxəyyül məhsulu olan fikirlər birbaşa siyasi çağırış kimi qəbul edilməməlidir. Lakin konkret olaraq müharibəyə çağırış elementləri varsa, bölgədə gərginliyin artmaması üçün bu məsələyə münasibət bildirilməlidir. Bunun nəticə verib-verməməsi önəmli deyil, əsas odur ki, Azərbaycanın mövqeyi sərt şəkildə ifadə olunsun və ölkəmizin sülh platformasında prinsipial olduğu göstərilsin. Bu, bizim üçün fürsətdir”.
Deputatın fikrincə, bu cür çağırışların qarşısının alınması üçün məsul şəxslər və qurumlar müvafiq platformalara etirazlarını çatdırmalıdırlar:
“Əks halda, hər kəs bu platformalardan istifadə edərək istənilən çağırışları edə bilər. Bu isə insan haqları və müharibənin təbliği baxımından ciddi problemlər yaradar. Belə hallar dəfələrlə baş verib və davam etməsi yolverilməzdir. Buna görə də rəsmi qurumlar öz etirazlarını bildirməlidirlər. Azərbaycanın maraq və mənafeyinin qorunması bütün dövlət orqanlarının vəzifəsidir və bu istiqamətdə konkret addımlar atılmalıdır”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışıq.






















