Evləri sökülənlərə TƏCİLİ XƏBƏR: Ödənişlər artıq bu qaydada VERİLƏCƏK

Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binalarının sökülməsi planlaşdırılır.

Mirəli Qaşqay küçəsi 34 ünvanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli köhnə tikililərlə bağlı artıq əraziyə baxış keçirilib və texniki sənədləşmə işlərinə start verilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təklif edib ki, Kompensasiya məbləği ərazinin real bazar dəyərinə uyğun hesablanmalıdır:

“Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır.

Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin”.

Bəs bu qayda nəyə tətbiq edilmir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, belə təkliflər ictimaiyyətə təqdim olunub. Onun sözlərinə görə, bu təşəbbüslərin rəsmi müstəviyə keçməsi üçün Nazirlər Kabinetinə təqdim edilməsi vacibdir:

“Bu təklif müxtəlif görüşlər zamanı da səsləndirilib. Müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilməlidir ki, Azərbaycan Qiymətləndirici Cəmiyyəti olaraq bu prosesə rəsmi qaydada hazırlaşırıq.

Güman edirəm ki, yaxın vaxtlarda bunu edəcəyik. Amma ictimaiyyətə dəfələrlə bildirmişik ki, kompensasiya məqsədilə qiymətləndirmə aparılarkən ilk növbədə həmin ərazidə yeni tikililərin bir kvadratmetrinin bazar dəyəri əsas götürülməlidir.

Bu, ən ədalətli dəyərdir və vətəndaşın yaşadığı mühitdən çox uzaqlaşmamasına imkan verir, yəni uzaqlaşdırllmır. Belə olduqda vətəndaş da sosial-psixoloji vərdişlərindən, formalaşmış həyat tərzindən ayrılmır, adətlərin yadırğanması prosesi baş vermir və öz mülkiyyət hüquqlarını yaxın ərazidə bərpa edə bilirlər.

Bu da həm vətəndaşın, həm dövlətin məmnuniyyətinin təmin olunması deməkdir”. Vüqar Oruc qeyd edib ki, bütün bu təkliflər vətəndaşların rifah halının yüksəldilməsinə, eyni zamanda dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın və bağlılığın möhkəmlənməsinə xidmət edir:

“Bundan əlavə, qeyd etmişik ki, sahəsi kiçik olan mənzillərlə bağlı kompensasiya yalnız kvadratmetrə görə deyil, otaq sayına uyğun müəyyənləşdirilməlidir. Bu yanaşma vətəndaşın yenidən əvvəl yaşadığı əraziyə yaxın yerdə ev sahibi olmasına şərait yaradar və onun uzaq məsafəyə köçmək məcburiyyətində qalmasının qarşısını alar.

Həmçinin bildirmişik ki, kompensasiya məbləğinin müəyyən edilməsi mütləq qiymətləndirici şirkət tərəfindən aparılmalıdır. Bu səlahiyyətin məmura və ya investora verilməsi tərəflərdən birinə üstünlük tanınması anlamına gəlir.

Çünki vətəndaşın taleyi nə məmurun insafına, nə də investorun gəlir gözləntilərinə buraxılmamalıdır. Çünki investor istənilən halda daha çox gəlir əldə etməyə çalışır, məmur isə prosesin dövlət büdcəsi üçün minimum xərclə həyata keçirilməsini və büdcə vəsaitlərinə qənaətin vacibliyini düşənən bir vəzifə sahibidir.

Bu amillər obyektiv qərarın qəbuluna mane ola bilər. Məhz bu səbəbdən bazar prinsiplərinə uyğun, obyektiv qiymətləndirmənin aparılması vacibdir. Bu isə yalnız satınalma prosesi nəticəsində seçilmiş müstəqil qiymətləndirici şirkət vasitəsilə mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, bu baxımdan kompleks yanaşma tətbiq edilməlidir:

“Birincisi, kompensasiya məbləğini qiymətləndirici şirkət müəyyən etməlidir. İkincisi, kompensasiya qəzalı, zədələnmiş, bazarda tələbi olmayan və söküntüyə məruz qalan binaların dəyəri əsasında deyil, onların yaxınlığında yerləşən yeni tikililərin bazar qiymətləri əsasında hesablanmalıdır.

Üçüncüsü isə sahəsi kiçik olan mənzillər üzrə kompensasiya məbləği kvadratmetrə görə deyil, otaq sayına uyğun müəyyən edilməlidir”. /Cebheinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki