Macarıstanda onilliklərdir davam edən Viktor Orban erası və onun simvoluna çevrilmiş "illiberal demokratiya" modeli rəsmən tarixin arxivinə gömülür. Ölkədə baş verən köklü hakimiyyət dəyişikliyindən sonra, yeni rəhbərlik Orbanın qurduğu avtoritar qəfəsi daxildən sökərək Avropa dəyərlərinə və hüququn aliliyinə qayıdışın anonsunu verib. Budapeştdən gələn son xəbərlər göstərir ki, ölkənin siyasi sistemində Orbanın yenidən hakimiyyətə qayıtmaq ehtimallarını tamamilə sıfırlayacaq hüquqi və konstitusion islahatlara start verilib.
Macarıstanın yeni baş naziri Peter Madyar ölkənin siyasi gələcəyini kökündən dəyişdirəcək Konstitusiyaya yeni dəyişikliklər paketi təklif edib. Bu inqilabi təklifə əsasən, ölkədə bir nəfərin iki dəfədən çox baş nazir vəzifəsini tutmasının önünə keçilməz hüquqi sədd çəkilir. Ən diqqətçəkən məqam isə Konstitusiyaya daxil ediləcək yeni müddəanın geriyə qüvvəsinin də olmasıdır. Yeni hüquqi normaya görə, 2 may 1990‐cı ildən bəri azı 8 il (aradakı fasilələr də daxil olmaqla) baş nazir vəzifəsində çalışmış hər hansı bir şəxs bir daha bu vəzifəni tuta bilməz. Bu isə o deməkdir ki, karyerası ərzində ümumilikdə 20 il (əvvəlcə 4 il, sonra isə ardıcıl 16 il) baş nazir kürsüsündə oturmuş Viktor Orban üçün böyük siyasət qapıları birdəfəlik bağlanır.
Referans Media xəbər verir ki, məsələnin siyasi tərəfləri və Macarıstan cəmiyyətindəki əks-sədası haqda NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, hakimiyyəti dövründə Macarıstanı Avropanın geridə qalmış ölkələrindən birinə çevirən korrupsioner‐kleptokrat Viktor Orban bir daha baş nazir vəzifəsinə qayıda bilməyəcək:
"Doğrudur, Orbanın partiyası olan FİDEZS növbəti seçkilərdə parlamentdə üçdə iki səs çoxluğuna nail olarsa, bu maddəni ləğv etmək üçün Konstitusiyanı yenidən dəyişə bilər, lakin hazırkı reallıqda bu ehtimal sıfıra yaxındır. Son rəy sorğularının nəticələrinə görə, inzibati dövlət gücü əlindən çıxdıqdan sonra FİDEZS‐in xalq arasındakı reytinqi sürətlə əriyərək 21 faizə geriləyib. Bu isə onların bir daha təkbaşına konstitusion çoxluq əldə edə bilməyəcəyini göstərir".
Ekspert qeyd edib ki, islahatlar təkcə kadr məsələləri ilə məhdudlaşmır, Orbanın müxalifəti və medianı boğmaq üçün yaratdığı repressiv dövlət aparatının ləğvini də əhatə edir: "Konstitusiyaya təklif edilən digər mühüm dəyişiklik Orban hökumətinin 'din‐iman, namus‐vicdan əldən gedir' populizmi ilə konstitusion orqan kimi yaratdığı Suverenliyin Müdafiəsi üzrə İdarənin ləğvinə yönəlib. Bu dövlət idarəsi xarici maliyyələşmə, yəni Avropa Birliyi fondlarının və digər beynəlxalq təşkilatların qrantları ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin — müstəqil siyasi partiyaların, azad medianın və QHT-lərin fəaliyyətini cəzalandırmaq məqsədilə araşdırmaq səlahiyyətinə malik idi. Bu qondarma qurum tamamilə ləğv olunacaq".
Politoloqun sözlərinə görə, növbəti hədəf Orbanın təhsil sistemində qurduğu ideoloji nəzarəti darmadağın etməkdir: "Daha bir dəyişiklik təklifi Orban dövründə guya 'ictimai maraqlar'a xidmət edən ictimai fondların idarəçiliyinə verilmiş təhsil müəssisələrinin təkrar milliləşdirilməsini nəzərdə tutur. Bu fondlar birbaşa Orbana yaxın və sadiq şəxslər tərəfindən idarə olunurdu. Burada əsas məqsəd gənc nəslin beynini yumaq üçün təhsil sistemində hakim partiyanın mühafizəkar ideologiyasına uyğun tədris proqramının məcburi tətbiqi idi. İndi universitetlər və məktəblər yenidən dövlətin balansına qaytarılır".
Yaradılan yeni siyasi konyunkturada diqqət çəkən ən simvolik və kəskin addım isə keçmiş elitaya qarşı tətbiq edilən maliyyə sanksiyalarıdır. "Bundan əlavə, baş nazir Peter Madyar keçmiş hökumət üzvləri üçün qanunla nəzərdə tutulmuş işdənçıxma təzminatının ödənilməyəcəyini qəti şəkildə bildirib. Normal şərtlər daxilində Viktor Orban eks-baş nazir kimi dövlətdən 197 min avro birdəfəlik pul almalı, eləcə də ömrünün sonuna kimi dövlət hesabına ofis, xidməti avtomobil və sürücü ilə təmin olunmalı idi. Yeni qərarla bunların hamısı ləğv edilir. P. Madyar açıq şəkildə bəyan edib ki, 'ölkəni dağıtmış və borclandırmış' Orban və onun komandasından kəsiləcək bu vəsaitlər Ukraynanın Zakarpatye vilayətində etnik macarların yaşadığı kəndin orta məktəbinin ehtiyaclarına bağışlanacaq", - deyə politoloq Şahin Cəfərli vurğulayıb.
