Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunun Xoşbulaq kəndi zibillik içərisindədir. Bu barədə Teleqraf agentliyi məlumat yayıb. Bölgənin əsas istirahət məkanında məişət tullantılarının vaxtında daşınmadığı bildirilir.
Globalinfo.az-a danışan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev həmin ərazinin artıq təmizləndiyini deyib.
Onun sözlərinə görə, son günlər havaların kəskin isinməsi ilə əlaqədar əraziyə kütləvi insan axını müşahidə olunur:
“İyunun əvvəlində hava sərin olduğundan bu cür vəziyyət yaranmamışdı, lakin iyulun ortalarından etibarən temperaturun anormal yüksəlməsi gələnlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Ərazidə tullantıların idarə olunması ilə bağlı müəyyən edilmiş yerlər mövcuddur, orada zibillər müntəzəm olaraq yığılır və daşınır. Hər gün təmizlik işləri aparılır, ərazi nəzarətdə saxlanılır. Lakin bəzən vətəndaşlar tullantılarını bu yerlərə yox, avtomobil pəncərəsindən çölə atırlar. Bu da ətraf mühitin çirklənməsinə səbəb olur”.
E.Əliyev bildirib ki, rəsmi qurumlar vətəndaşlardan ətraf mühitin qorunması və tullantıların müəyyən olunmuş yerlərə atılması ilə bağlı dəfələrlə xahiş edib:
“Problemin həlli üçün müvafiq tədbirlər davam etdirilir və yeni qonaqlara da ərazinin təmiz saxlanması üçün qaydalara riayət etmələri tövsiyə olunur. Qeyd edək ki, kütləvi gəliş havaların istiləşməsi ilə əlaqədar müvəqqəti xarakter daşıyır. Aidiyyəti qurumlar hər gün ərazidə təmizlik işlərini davam etdirir”.