Milli Məclis mühüm QƏRAR QƏBUL ETDİ:  Bu dəyişiklik minlərlə insanı əhatə edəcək      

Azərbaycanda sığorta sisteminin daha da təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Yeni dəyişikliklər könüllülərin, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin bədbəxt hadisələrdən icbari sığortalanmasını, sığorta ödənişlərinin hesablanması mexanizminin yenilənməsini və sığorta fondunun maliyyə dayanıqlığının qorunmasını nəzərdə tutub.

Milli Məclisin deputatı Musa Quliyev “Referans Media”ya açıqlamasında qəbul olunan dəyişikliklərin mahiyyətini izah edib.
 
 
Milli Məclisin deputatı Musa Quliyev “Referans Media”ya açıqlamasında bildirib ki, sığorta qanunvericiliyinə təklif olunan dəyişikliklər ölkədə sığorta sisteminin inkişafına, hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.

Deputatın sözlərinə görə, layihədə nəzərdə tutulan əsas yeniliklərdən biri könüllü fəaliyyətin iştirakçıları olan şəxslərin, həmçinin istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin bədbəxt hadisələrdən icbari sığortalanması ilə bağlıdır.

Musa Quliyev qeyd edib ki, yeni mexanizm bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək:

“Qanun layihəsində könüllülərə, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqının ödənilməsi qaydaları müəyyən edilir. Təklif olunan dəyişikliklərə əsasən, könüllülər üzrə sığorta haqqı bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdən, tələbə və şagirdlər üzrə isə istehsalat təcrübəsinin başladığı gündən etibarən 15 iş günü ərzində ödənilməlidir”.

Deputat bildirib ki, layihədə sığorta ödənişləri ilə bağlı mexanizmin də dəyişdirilməsi təklif olunur. Onun sözlərinə görə, sığorta ödənişlərinin şəxsin əlilliyinin müəyyən edilməsinə əsasən deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.

“Bu yanaşma daha obyektiv qiymətləndirməyə imkan yaradır və əmək qabiliyyətinin itirilməsinin real təsirini nəzərə alır. Eyni zamanda, bu dəyişiklik Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının tələblərinə də uyğundur”, – deyə Musa Quliyev vurğulayıb.

Deputat əlavə edib ki, qanun layihəsində sığorta fondunun maliyyə sabitliyinin qorunması məqsədilə yeni norma da təklif olunur.

Onun sözlərinə görə, birdəfəlik sığorta ödənişlərinin həyata keçirildiyi hallarda ödəniş məbləğinin müəyyən həddə qədər məhdudlaşdırılması nəzərdə tutulur:
“Yeni təklif olunan normaya əsasən, sistemin proqnozlaşdırıla bilən olması, sığorta fondunun dayanıqlığının qorunması və yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasında ödəniş balansının saxlanılması üçün birdəfəlik sığorta ödənişinin məbləği minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaq şərtilə müəyyən ediləcək”.
Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər həm sığorta sistemində şəffaflığın artırılmasına, həm də vətəndaşların sosial təminatının gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, sığorta sahəsində aparılan bu cür dəyişikliklər həm hüquqi bazanın müasirləşdirilməsi, həm də əmək münasibətlərində risklərin daha effektiv idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmlərin tətbiqi ilə könüllülərdən tutmuş istehsalat təcrübəsi keçən gənclərədək daha geniş sosial qrupların sığorta təminatına cəlb olunması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki