backend

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisin iclasında hökumətin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Referans Media bildirir ki , Musavat.com-un xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Bildirib ki, “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Mili Məclisin plenar iclasında 1-ci oxunuşda geniş və konstruktiv müzakirə edilib:

“Hörmətli millət vəkilləri büdcə zərfinin 1-ci oxunuşunda çoxsaylı çıxışlar edib, təkliflər irəli sürüblər. Bunu büdcə müzakirələrinin parlament formatı olaraq təqdir edir və yüksək qiymətləndiririk.

Səslənən fikirlər sahəvi, regional və ictimai xarakterli olmaqla, dövlət büdcəsi üçün təbii ki, əlavə maliyyə öhdəlikləri yaradır. Bununla belə, hesab edirik ki, bu fikir və mülahizələr ümumilikdə parlamentin büdcə zərfinə dəstəyini ifadə etməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət edir.

Hazırda hörmətli həmkarlarımız tərəfindən qaldırılmış bəzi məsələlər və onların maliyyə təminatı aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir. Büdcə layihəsi 3-cü oxunuşda təqdim edilərkən bu barədə müvafiq məlumat veriləcək.

Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, davamlı və uzunmüddətli xarakter daşıyır və bu səbəbdən də hər zaman təkmilləşməyə məruz qalır.

Büdcə sisteminin təkmilləşdirilməsi mərhələlərindən biri artıq təsdiq olunmuş dövlət büdcəsinin icrasına dair hesabatın parlamentə təqdim edilməsidir. Yeni büdcə zərfinin müzakirəsi zamanı qaldırılan bir çox məsələlər və verilən suallar həm də bir qayda olaraq icraya dair hesabat mərhələsində cavablandırılır”.

Azər Əmiraslanov qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi milli maraqlarımızın qorunmasına, iqtisadi inkişafa və sosial rifaha xidmət edən strateji maliyyə sənədidir:

“Növbəti ilin büdcə layihəsi yeni dövrün çağırışlarını və reallıqlarını nəzərə almaqla möhtərəm cənab Prezident tərəfindən müəyyən edilmiş strateji vəzifələri və təşəbbüsləri aydın şəkildə əks etdirir və bunların hər birinin icrası üçün zəruri maliyyə təminatı yaradır.

Büdcə qanunvericiliyinin tələblərinə uyğunluğunu, Hesablama Palatasının rəyini nəzərə alaraq, “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında 2-ci oxunuş üçün müzakirəsini məqsədəuyğun hesab edir və hörmətli deputat həmkarlarımızdan layihənin dəstəklənməsini xahiş edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki