Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin ikinci günündə liderlər səviyyəsində əsas iclaslar başlayır. Müdafiə xərcləri, müdafiə sənayesinə investisiyalar, NATO 3.0 konsepsiyası və Ukraynaya dəstək zirvənin əsas müzakirə mövzuları olacaq. Beynəlxalq diqqət isə ABŞ Prezidenti Donald Trampın verəcəyi mesajlara yönəlib.
Referans Media xəbər verir ki, İyulun 7-də nazirlər səviyyəsində keçirilən görüşlər və işçi naharları ilə start götürən zirvədə bu gün qəbul ediləcək qərarların alyansın gələcək fəaliyyət istiqamətlərinə təsir göstərəcəyi gözlənilir.
Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Qrenlandiya məsələsini yenidən gündəmə gətirib, həmçinin İrana qarşı əməliyyatlar dövründə bəzi Avropa ölkələrinin Vaşinqtona kifayət qədər dəstək vermədiyini bildirib. ABŞ prezidenti eyni zamanda Avropadakı Amerika hərbçilərinin çıxarılması ilə bağlı əvvəlki açıqlamalarını da təkrarlayıb.
ABŞ-də Trampın yenidən prezident seçilməsindən sonra NATO-da müdafiə xərclərinin artırılması əsas prioritetlərdən birinə çevrilib.
Ankara Zirvəsində üzv ölkələrin ümumi daxili məhsulun 5 faizi həcmində müdafiə xərcləri hədəfinə nə dərəcədə yaxınlaşdığı müzakirə ediləcək.
Məlumata görə, Estoniya, Latviya, Litva və Polşa artıq bu göstəricini keçib. Türkiyədə isə müdafiə xərclərinin ÜDM-də payı 2,33 faizdən 3,8 faizə yüksəlib.
Müdafiə sənayesinə yeni investisiyalar
Zirvədə müdafiə sənayesinin istehsal imkanlarının genişləndirilməsi, infrastrukturun gücləndirilməsi, innovativ texnologiyaların inkişafı və birgə satınalma mexanizmlərinin yaradılması da əsas müzakirə mövzuları sırasındadır.
NATO rəsmiləri alyansın iqtisadi potensialını daha yüksək hərbi gücə çevirməyi hədəflədiyini bildirirlər.
NATO 3.0 konsepsiyası
ABŞ-nin Avropanın təhlükəsizliyi ilə bağlı yükü əvvəlki kimi təkbaşına daşımaq istəməməsi NATO 3.0 konsepsiyasını ön plana çıxarıb.
Yeni yanaşmaya əsasən, Avropa müttəfiqlərinin müdafiə sahəsində daha böyük məsuliyyət götürməsi, ABŞ-nin isə nüvə çəkindiriciliyi sahəsində lider rolunu davam etdirməsi nəzərdə tutulur.
Ukraynaya dəstək davam edəcək
Liderlər Ukraynaya hərbi və siyasi dəstəyin davam etdirilməsini də müzakirə edəcəklər. Bildirilir ki, NATO Ukraynanın döyüş meydanında, xüsusilə pilotsuz uçuş aparatları və onlara qarşı müdafiə texnologiyaları sahəsində əldə etdiyi təcrübədən faydalanmağı planlaşdırır.
Ukraynanın NATO-ya üzvlüyü məsələsində isə yaxın perspektivdə yeni qərarın qəbul ediləcəyi gözlənilmir.
Yekun bəyannamədə hansı mesajlar yer alacaq?
Zirvənin sonunda qəbul ediləcək yekun bəyannamənin qısa olması gözlənilir. Sənəddə NATO-nun kollektiv müdafiə prinsiplərinə sadiqlik bir daha təsdiqlənəcək.
Bəyannamədə Rusiyanın Avro-Atlantik məkanı üçün uzunmüddətli təhlükə olduğu vurğulanacaq, terrorizmin NATO üçün davam edən təhdid olduğu qeyd ediləcək.
Bundan əlavə, İranın nüvə silahına sahib olmamalı olduğu, Hörmüz boğazında gəmiçilik azadlığına hörmət etməsinin vacibliyi barədə çağırışın yer alacağı gözlənilir.
Sənəddə həmçinin Ukraynaya 2026 və 2027-ci illər üçün ümumilikdə 70 milyard avro həcmində hərbi dəstək ayrılması ilə bağlı öhdəliyin də əks olunacağı bildirilir.
