Hörmüz boğazından keçidə rüsum tətbiqi qlobal enerji bazarlarında narahatlıq yaradıb. Bildirilir ki, bu addım daşınma xərclərini artıraraq neftin qiymətinə birbaşa təsir göstərə bilər.
İranla atəşkəs dünya neft bazarına necə təsir edib? Neftin kəskin ucuzlaşması gözlənirmi?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, neft bazarında ötən gündən davam edən emosional sevinc artıq azalır:
“Belə ki, Brent nefti 98.52 dollara qədər yüksəlib, lakin aprelin 8-də neft 91 dollara qədər ucuzlaşmışdı. Çünki bazar iştirakçılarının çoxu həm atəşkəsə, həm də Hörmüz boğazının açılacağına inanırdılar. İndi isə baş verənləri daha real qiymətləndirməyə başlayıblar. Artıq Ağ Evdən səsləndirilən pozitiv bəyanatlar özünü doğrultmur. İndi neft bazarı daha çox aprelin 10-da İslamabadda keçiriləcək danışıqların nəticələrinə fokuslanıb. Bəzi mənbələrə görə, sözügedən tarixdə danışıqlara hazırlıq olacaq, əsas danışıqlar isə aprelin 11-də keçiriləcək”.
Ekspert hesab edir ki, bu nəticələr aprelin 13-də açılacaq ilk hərraclarda özünü neftin qiymətində əks etdirəcək:
“Biz neftin ya 110 dollara doğru irəliləməsini, ya da onun 90 dollardan aşağı düşməsini görə bilərik. Yəni hər şey İslamabad görüşündən asılıdır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın elan etdiyi iki həftəlik atəşkəs planına əsasən, İran və Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edəcək. Məlumata görə, İran bu vəsaiti yenidənqurma işlərinə yönəltməyi planlaşdırır. Halbuki beynəlxalq su yolu sayılan boğaz tarixən ödənişsiz istifadə olunub.
