Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Avropa Parlamentində çıxışı zamanı İrəvanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolunun açılmasına hazır olduğunu bildirib.
Paşinyan qeyd edib ki, bu təşəbbüs Azərbaycanla regional nəqliyyat əlaqələrinin gücləndirilməsinə yönəlmiş strateji addımdır, həmçinin Ermənistanın öz nəqliyyat infrastrukturunu Naxçıvan vasitəsilə şimal və cənub bölgələri ilə birləşdirməsinə imkan yaradacaq.
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Azərbaycanla Naxçıvan arasında əlaqənin yaradılması məsələsi artıq həll olunub və hazırda bunun praktiki icrası üzərində iş aparılır:
“Paşinyanın açıqlamasında maraq daha çox prosesin sürətlə icrasına yönəlib. Ermənistanın burada iki əsas məqsədi var:
Birincisi, regional kommunikasiyanı mümkün qədər tez bərpa etmək və iqtisadi fayda əldə götürmək;
İkincisi, regional kommunikasiya vasitəsilə ticarət əlaqələrini genişləndirərək Rusiyadan iqtisadi asılılığını azaltmaq.
Zəngəzur dəhlizinin açılması və Ermənistanın regional şəbəkələrdən istifadəsi onun iqtisadi imkanlarını artıracaq və Moskvadan uzaqlaşmaq xəttini inkişaf etdirməsinə imkan verəcək.
Paşinyan çalışır ki, seçkiyə qədər regional kommunikasiyanın müəyyən hissəsini açsın və ya simvolik addım atsın. Beləliklə bu, onun siyasi mövqeyini gücləndirsin”.























