“Qalatasaray” azarkeşləri nəfəsini tutdu – İkardi qalacaq?

Türkiyənin "Qalatasaray" klubunda argentinalı hücumçu Mauro İkardinin gələcəyi ilə bağlı həlledici həftə başlayıb.

Referans Media xəbər verir ki, klub prezidenti Dursun Özbek bu həftə futbolçu və onun meneceri ilə görüş keçirəcək.

Məlumata görə, görüşdən sonra İkardinin komandadakı gələcəyi ilə bağlı yekun qərarın verilməsi gözlənilir.

Dursun Özbek çempionluq tədbirlərindən sonra jurnalistlərə açıqlamasında İkardi haqqında diqqətçəkən fikirlər səsləndirib: “İkardi ilə görüşümüz olacaq. İnşallah danışacağıq. O, bizim çox sevdiyimiz futbolçudur, ikonamızdır. “Qalatasaray”a çox şey verib”.

Komandanın baş məşqçisi Okan Buruk da futbolçunun gələcəyi barədə danışıb. Təcrübəli mütəxəssis bildirib ki, yekun qərar qarşıdakı görüşdən sonra məlum olacaq: “Prezidentimiz İkardinin meneceri ilə danışacaq. Hər iki tərəfin istəkləri önəmlidir. Görüşdən sonra daha dəqiq nəsə demək mümkün olacaq”.

Okan Buruk argentinalı hücumçunu klub tarixinin ən önəmli oyunçularından biri adlandırıb: “İkardi bizim üçün çox önəmli və dəyərlidir. O, “Qalatasaray” tarixinin ən mühüm futbolçularından biridir”.

Sarı-qırmızılı azarkeşlər də ulduz futbolçunun gələcəyi ilə bağlı veriləcək qərarı maraqla gözləyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki