Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan baş nazirinin müavini ilə Ermənistana neft və neft məhsullarının ixracı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Referans Media xəbər verir ki, o, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan xidmətinə verdiyi müsahibədə danışıb.
İrəvan və Bakının yanacaq təchizatı ilə bağlı hər hansı konkret razılaşma əldə edib-etmədiyi soruşulduqda, Qriqoryan “Bəli, danışıqlar aparılıb və əməkdaşlıq imkanları mövcuddur” cavabını verib.
O, əlavə addımların özəl ixrac və idxal şirkətləri vasitəsilə həyata keçiriləcəyini və potensial sövdələşmələrin şərtlərinin bazar prinsiplərinə uyğun olacağını vurğulayıb.
Baş nazirin müavini hansı konkret Ermənistan şirkətlərinin yanacaq almağı planlaşdırdığını, həcmini və ya qiymətini dəqiqləşdirməyib. O, bütün bu məsələlərin bazar əməkdaşlığı çərçivəsində həll olunacağını bildirib.
Bundan əlavə, Mher Qriqoryan qeyd edib ki, ölkələr arasında danışıqlar qarşılıqlı ticarətin digər sahələrini də əhatə edir, lakin detallar hələlik açıqlanmayıb./Musavat.com






















