Rusiyanın Ukraynadakı müharibədən sonra digər postsovet ölkələrinə də təhlükələr yaradacağı barədə iddialar artmaqdadır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsindən sonra Kremlin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza təhlükə yaradacağı barədə iddialarla bağlı Musavat.com-a açıqlama verib.
Politoloq əvvəlcə Almaniya kanslerinin son xəbərdarlığına diqqət çəkib:
“Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib. “Putin dayanmayacaq. Əgər Ukrayna məğlub olarsa, o, heç nəyə baxmayaraq dayanmadan irəliləyəcək”, – deyə Almaniya kansleri vurğulayıb.
Almaniya kansleri haqlıdır. Rusiya Ukraynadan sonra başqa ölkələri hədəf seçəcək. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, müharibənin əhatə dairəsi genişlənəcək. Müharibə artıq Qara dəniz, hətta Xəzər dənizi sahillərinə çatıb. Qara dənizdə üzən gəmilər raket atəşinə tuş gəlir. Ukrayna Rusiyanın Xəzər dənizindəki yataqlarına və hərbi gəmilərinə zərbələr endirir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri Rusiyanın bölgəyə təsirlərini azaltmağa çalışırlar. Bu məqsədlə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib.
ABŞ, Avropa İttifaqı və Türkiyə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanı gücləndirməyə çalışır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, qonşu ölkələrə təsirini artırmağa çalışır. Ermənistanda gələn ilin iyun ayında parlament seçkiləri keçiriləcək. Rusiya həmin seçkilərdə baş nazir Nikol Paşinyanın məğlub olması üçün radikal qüvvələri, müxtəlif erməni oliqarxları və kilsəsinə dəstəkləyir. Kreml Paşinyana başqa bir ultimatum da göndərib: “Ya Avropa İttifaqını, ya da Avrasiya İttifaqını seç!””
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya rəsmiləri Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduqlarını söyləsələr də, bunun tərsini həyata keçirirlər:
“Kreml Rusiyada çalışan azərbaycanlılara müxtəlif problemlər yaradır. Kreml bundan başqa Rusiyada azərbaycanlıların diaspora rəhbələrini dəyişməyə başlayıb. Moskvanın məqsədi diaspora rəhbələrinin ancaq Rusiya hakimiyyətinə bağlı olmasını təmin etməkdir”.
Politoloq digər mühüm məsələdən də bəhs edib:
“Bu arada, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə olüb. Bu müharibədə Rusiyanın Ermənistandan fərqi yoxdur. Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz, bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarını pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə cinayət məsuliyyətinə cəlb olunurlarmı?”
E.Şahinoğlu bildirib ki, belələri cəzalandırılmırlarsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq:
“Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək. Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki, bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.






















