Serbiyanın Voyevodina Muxtar Bölgəsində Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən üç şimal bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.
Referans Media xəbər verir ki, regional hökumətin qərarına əsasən, Sombor, Kula və Vrbas bələdiyyələrində xüsusi rejim tətbiq olunub.
Rəsmilər bildiriblər ki, bu gün Dunay çayında tarixi minimum qeydə alınıb və suyun səviyyəsi standart göstəricidən mənfi 127 santimetr aşağı düşüb.
Qeyd olunur ki, kritik vəziyyət Dunay–Tisza–Dunay hidrosisteminin fəaliyyətinə ciddi təsir göstərir. Xüsusilə suvarma sistemlərinin işləməsində çətinliklər yaranıb ki, bu da suvarılan əkin sahələri və digər su istifadəçiləri üçün ciddi problemlər yaradır.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını və yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildiriblər./Globalinfo.az
