Elektron xidmətlərdə məlumat təhlükəsizliyi necə qorunur?

Azərbaycanda dövlət və özəl sektorda təqdim olunan xidmətlərin böyük hissəsi elektron formata keçirilib. Bank əməliyyatlarından səhiyyə və təhsil xidmətlərinə, dövlət qurumlarına müraciətlərdən gündəlik ödənişlərə qədər bir çox proses artıq rəqəmsal platformalar üzərindən həyata keçirilir.

Bütün xidmətlərin elektronlaşmasının məxfilik baxımından riskləri nələrdir və təhlükəsizliyi necə təmin olunmalıdır?

İT mütəxəssis Əmrah Mövsümzadə Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda dövlət və özəl sektorda rəqəmsal transformasiya son illərdə sürətlə inkişaf edir:

“Bank xidmətləri, elektron hökumət platformaları, səhiyyə, təhsil, sığorta, kommunal ödənişlər və digər xidmətlərin vahid elektron mühitdə təqdim olunması vətəndaşlara daha sürətli, rahat və əlçatan xidmətlər göstərməyə imkan yaradır. Lakin rəqəmsallaşmanın genişlənməsi ilə yanaşı, kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması məsələləri də daha böyük əhəmiyyət kəsb edir. Elektron xidmətlərdən istifadə zamanı ən böyük risklərdən biri şəxsi məlumatların icazəsiz əldə olunması və ya məlumat sızmasıdır. Vətəndaşların şəxsiyyət məlumatları, maliyyə məlumatları, tibbi qeydləri və digər həssas informasiyalar kibercinayətkarların əsas hədəflərindən biri hesab olunur. Belə məlumatların ələ keçirilməsi maliyyə fırıldaqları, şəxsiyyət oğurluğu və digər ciddi hüquqi problemlərə səbəb ola bilər. Digər mühüm risk fişinq hücumlarıdır. Kibercinayətkarlar saxta SMS-lər, elektron məktublar və ya internet səhifələri vasitəsilə istifadəçiləri aldadaraq onların bank kartı məlumatlarını, ASAN Login və ya digər elektron identifikasiya vasitələrinə aid məlumatları əldə etməyə çalışırlar. Son illər bu tip sosial mühəndislik hücumlarının sayı dünya üzrə olduğu kimi, Azərbaycanda da artmaqdadır”.

Mütəxəssis bildirib ki, dövlət və özəl qurumların informasiya sistemlərinə qarşı həyata keçirilən kiberhücumlar xidmətlərin dayanmasına, məlumatların şifrələnməsinə, dəyişdirilməsinə və ya məhv edilməsinə səbəb ola bilər:

“Bu isə həm vətəndaşların xidmətlərə çıxışını məhdudlaşdırır, həm də qurumların nüfuzuna və iqtisadi fəaliyyətinə ciddi zərər vurur. Bu risklərin qarşısının alınması üçün kibertəhlükəsizlik kompleks yanaşma tələb edir. İlk növbədə, bütün informasiya sistemlərində müasir şifrələmə texnologiyalarından istifadə edilməli, məlumatlar həm ötürülmə, həm də saxlanılma zamanı etibarlı şəkildə qorunmalıdır. Çoxfaktorlu autentifikasiya tətbiq edilməli, istifadəçi hüquqları minimum səlahiyyət prinsipi əsasında idarə olunmalı və sistemlər mütəmadi olaraq təhlükəsizlik auditindən keçirilməlidir. Eyni zamanda, proqram təminatının vaxtında yenilənməsi, zəifliklərin mütəmadi aşkarlanması və aradan qaldırılması, ehtiyat nüsxələrinin təhlükəsiz saxlanılması, təhlükəsizlik monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Vətəndaşların kiberməlumatlılığının artırılması da təhlükəsizliyin əsas komponentlərindən biridir. İstifadəçilər yalnız rəsmi platformalardan istifadə etməli, şübhəli keçidlərə daxil olmamalı, güclü və unikal parollar seçməli, çoxfaktorlu autentifikasiyanı daim aktiv etməli və şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmamalıdırlar. Rəqəmsallaşma cəmiyyətin inkişafı və xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm addımdır. Lakin rəqəmsal xidmətlərin etibarlılığı yalnız texnoloji inkişafla deyil, həm də güclü kibertəhlükəsizlik infrastrukturunun yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, təşkilatların məsuliyyəti və vətəndaşların kibermədəniyyətinin formalaşdırılması ilə təmin oluna bilər. Təhlükəsizlik rəqəmsallaşmanın ayrılmaz hissəsi kimi qəbul edilməli və bütün tərəflər bu istiqamətdə davamlı fəaliyyət göstərməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki