Türkiyə NATO Zirvəsinə hazırlaşır: Dünya liderləri gəlir - Ankara səması raket və PUA-lardan qorunacaq

Türkiyə iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırıb. Dünya liderlərinin iştirak edəcəyi mühüm toplantı öncəsi paytaxtda genişmiqyaslı hazırlıq işləri aparılır.

Referans Media xəbər verir ki, zirvə müddətində Ankara səması mümkün təhlükələrə qarşı hava və raketdən müdafiə sistemləri ilə qorunacaq. Eyni zamanda pilotsuz uçuş aparatları və dronlardan yarana biləcək risklərin qarşısını almaq məqsədilə strateji ərazilərdə xüsusi antidron sistemləri yerləşdiriləcək.

Təhlükəsizlik planı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları da yüksək döyüş hazırlığı vəziyyətində saxlanılacaq.

Zirvənin keçiriləcəyi məkanlarda, eləcə də Prezident Külliyesi ətrafında təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Məlumata əsasən, tədbirin təhlükəsizliyinin təmin olunması üçün Ankara üzrə 40 mindən çox polis və digər təhlükəsizlik əməkdaşı cəlb ediləcək.

Səlahiyyətli qurumlar dövlət və hökumət başçılarının hərəkət marşrutları boyunca, həmçinin paytaxtın müxtəlif nöqtələrində ciddi nəzarət tədbirlərinin tətbiq olunacağını bildiriblər.

NATO Zirvəsi çərçivəsində alyansa üzv ölkələrin liderlərinin müdafiə, təhlükəsizlik və regional sabitliklə bağlı mühüm məsələləri müzakirə etməsi gözlənilir. Ankara isə bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etmək üçün son hazırlıqlarını davam etdirir.
 
 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki