image-uzerlikbackend

Üzərlik Azərbaycanda qadağan OLUNUR? – Tərkibində görün nə var İMİŞ

Son dövrlər sosial mediada və xəbər saytlarında üzərlik bitkisinin istifadəsi və xüsusilə xarici ölkələrə aparılması ilə bağlı problemlər barədə məlumatların artması ictimaiyyətdə narahatlıq yaradıb. Bununla bağlı Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək üzərliyin insan sağlamlığına təsiri və mümkün təhlükələri haqqında ətraflı açıqlama verib.

Nazirliyin məlumatına görə, üzərlik bitkisi zahirən sadə və təbii görünsə də, onun tərkibində insan orqanizminə güclü təsir göstərən maddələr mövcuddur. Bu bitkidə əsasən harmin, harmalin, harmalol və tetrahidroharmin adlı alkaloidlər var. Həmin maddələr “harmala alkaloidləri” adlanır və psixoaktiv xüsusiyyətə malikdir. Yəni bu maddələr birbaşa beyin və sinir sisteminə təsir edir.

Xüsusilə məişətdə və ritual məqsədlərlə geniş istifadə olunan üzərlik bitkisinin gələcəkdə hüquqi baxımdan hansı çərçivəyə salınacağı suallar doğurur. Vətəndaşlar maraqlanır ki, bu bitkinin istifadəsi və dövriyyəsi qanunla necə tənzimlənəcək və hansı məhdudiyyətlər tətbiq oluna bilər.

Referans Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda Azərbaycan qanunvericiliyinə görə üzərlik narkotik tərkibli bitki hesab edilmir.

Hüquqşünas əlavə edib ki, baxmayaraq ki, üzərlik bəzi beynəlxalq sənədlərdə – BMT-nin 1961-ci il Narkotik Vasitələr haqqında Vahid Konvensiyası, 1971-ci il Psixotrop Maddələr haqqında Konvensiya və 1988-ci il Narkotik Vasitələrin və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Konvensiya – narkotik tərkibli bitki kimi nəzərdə tutulub, Azərbaycan Respublikasının “Narkotik vasitələrə və psixotrop maddələrə qarşı mübarizə haqqında” qanununda üzərliklə bağlı heç bir göstəriş yoxdur.

Ramil Süleymanov vurğulayıb ki, əgər dövlət gələcəkdə üzərlik bitkisini narkotik tərkibli bitki kimi tanıyarsa, onun istifadəsi, istehsalı, satışı və ixracı qadağan ediləcək və qanuni tədbirlər tətbiq olunacaq.

Belə bir vəziyyət yaranarsa, vətəndaşlara tövsiyə olunur ki, evlərində və ya təsərrüfat yerlərində mövcud üzərlik bitkisini könüllü şəkildə dövlət qurumlarına təqdim etsinlər. Əks halda, qanunla müəyyən edilmiş məsuliyyət qüvvəyə minəcək.

Hal-hazırda üzərlik bitkisi Azərbaycan qanunvericiliyində sərbəstdir və istifadəçilər üçün heç bir məhdudiyyət yoxdur. Lakin gələcəkdə dövlət tərəfindən yeni tənzimləmələr tətbiq oluna bilər. Vətəndaşlar qanunvericilikdəki dəyişikliklərdən xəbərdar olmalı və öz təhlükəsizliklərini nəzərə almalıdırlar.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki