Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonuna bağlı Muratlar kəndində illərdir davam edən maraqlı ənənə bu il də böyük marağa səbəb olub.
Referans Media xəbər verir ki, kənddə hər ilin may ayının ikinci bazar günü təşkil edilən xeyriyyə yeməyi çərçivəsində minlərlə insan bir araya gəlib. Tədbirin ən diqqətçəkən hissəsi isə “Aşiqlər küçəsi” adlanan 1,5 kilometrlik yol olub.
Xeyir məclisinin keçirildiyi ərazidən meşəyə qədər uzanan küçədə çox sayda gənc qız və oğlan gün ərzində gəzişərək özlərinə uyğun həyat yoldaşı axtarıb.
Kənd sakinlərinin sözlərinə görə, bu ənənə təxminən 80 ildir davam edir və burada tanış olub ailə quran çox sayda cütlük var.
19 yaşlı Esma Çetinkaya bildirib ki, sevgilisi ilə ilk dəfə məhz bu küçədə tanış olub: “Uzun illərdir münasibətimiz davam edir. Çox xoşbəxtik. Gələn il nişanımız olacaq”.
22 yaşlı Özgür Güngör isə deyib: “Burada başlayan münasibətimiz bu günə qədər davam edir. İnşallah evliliklə nəticələnəcək. Bu küçədə tanışıb ailə quran çox insan var”.
Tədbirə yalnız gənclər deyil, illər əvvəl burada tanışaraq ailə həyatı quran cütlüklər də qatılıb. Onlar övladları və nəvələri ilə birlikdə vaxtilə tanış olduqları küçəyə gələrək xatirələrini yenidən yaşayıblar.
