Məktəblərdə ŞOK TƏHLÜKƏ - Uşaqlarınızı bunlardan qoruyun

Məktəblərdə "Halloween" (Hellouin) bayramının təntənəli şəkildə qeyd olunması, uşaqların qorxunc maskalar, ölüm və şeytan obrazları ilə əyləndirilməsi cəmiyyətdə, eləcə də valideynlər və mütəxəssislər arasında haqlı olaraq ciddi narahatlıq və sərt etiraz doğurub. Təhsil ocaqlarının elm, bilik, milli dəyərlər və həyat sevgisi aşılamalı olduğu halda, bu cür yad, qorxunc elementlərin məktəb divarları daxilinə daşınması hansı məqsədi güdür və hansı sağlam ideyanın məhsuludur? Uşaqlara həyat sevgisi, humanizm və milli-mənəvi dəyərlər öyrətmək əvəzinə, onlara ölümün, qorxunun və mənfi mifoloji obrazların təbliğ olunması gələcək nəslin psixologiyasına vurulan böyük zərbədir.


Bu gün uşaqların psixoloji sağlamlığından, onların rəqəmsal dövrdə üzləşdiyi stresslərdən və emosional yükdən danışırıqsa, ilk növbədə məktəbləri belə şübhəli və zərərli "əyləncələrin" meydanına çevirməkdən əl çəkməliyik. Qərb mədəniyyətindən gələn və yerli mentalitetimizə, adət-ənənələrimizə yad olan hər bir xarici dəbi kor-koranə olaraq "müasirlik", hər yad adəti isə "bayram" kimi qəbul etmək tendensiyası artıq təhlükəli həddə çatıb. Məhz buna görə də cəmiyyətdə haqlı olaraq sərt tələb irəli sürülür: məktəblərdə "Halloween" və bu kimi yad mədəniyyət məhsulları qəti şəkildə qadağan edilməlidir!

 
Məsələnin ciddiliyini nəzərə alaraq, mövzu ilə bağlı NOCOMMENT.az-a geniş açıqlama verən tanınmış psixoloq Aliyə Qurbanova uşaqların psixoloji inkişafında bu cür tədbirlərin yaratdığı fəsadlardan ətraflı bəhs edib. Psixoloq qeyd edib ki, uşaqların psixoloji inkişaf dövründə onların reallığı qavrama mexanizmi hələ tam formalaşmadığı üçün qorxunc obrazlar və ölüm simvolları onlarda dərin travmalara səbəb ola bilər: “Uşaq psixologiyası xüsusi həssaslığı ilə seçilir və onların hələ formalaşmaqda olan beyni gördüyü hər bir qorxunc, aqressiv vizual obrazı gerçəklik kimi qəbul edə bilər. Xüsusilə ibtidai və ya orta məktəb yaşlarında uşaqlara şeytan, məzar, qəddarlıq və ölüm simvolları ilə dolu maskalar taxmaq, onları bu cür mühitə adaptasiya etmək yolverilməzdir. Bu, uşaqlarda əsassız fobiyaların, gecə qorxularının, panik atakların və xroniki narahatlıqların yaranmasına zəmin yaradır”.


Aliyə Qurbanovanın sözlərinə görə, bu cür yad dəyərlər uşaqlarda aqressiyanı, qorxunu və reallıq duyğusunun pozulmasını stimullaşdırır: “Bayram adıyla təqdim olunan bu cür qaranlıq obrazlar uşaqların daxili aləmində empatiya hissini zəiflədir, onları daha sərt və amansız edir. Əslində, sağlam tərbiyə prosesi uşaqlarda estetik zövqün, işıqlı duyğuların, milli və bəşəri humanist dəyərlərin formalaşmasına xidmət etməlidir. Lakin Hellouin kimi mifoloji olaraq ölümə və qaranlıq qüvvələrə tapınmaq üzərində qurulan "bayramlar" uşaqların şüuraltına mənfi enerjilər ötürür. Milli-mənəvi dəyərlərimizə və sağlam əxlaqi prinsiplərimizə zidd olan bu cür obrazlar onların gələcəkdə sağlam dünya görüşünə sahib olmasına çox ciddi mənfi təsir göstərir. Valideynlər və təhsil işçiləri dərk etməlidirlər ki, uşaqların mənəvi saflığını qorumaq üçün belə zərərli tendensiyaların qarşısı qətiyyətlə alınmalıdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki