Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə enerji həyatımızda rəngarəng hadisələrlə yadda qaldı. Özü də yaşadığımız hadisələr pozitivliyi ilə seçilirdi. Sanki bir xəbər özündən əvvəlkindən enerji alırdı.
Qlobal bazarlar
Bu həftə London Əmtəə Birjasında Brent markalı neftin 1 bareli hərraclarda 70 dollar həddini keçməyə nail oldu. Sonuncu dəfə neft qlobal bazarlarda aprelin 4-də ticarət edilmişdi.
Brent markalı neftin qiymət dinamikasına fikir verdikdə görürük ki, iyunun 5-dən neft 65 dollardan baha qiymətə satılmağa başlayıb və bu həftənin əvvəlində 67 dollara qədər yaxınlaşmaq imkanı əldə edib. İyunun 11-də Brent markalı neftin ən yüksək partiyası 70,83 dollara satılsa da hərraclar bağlanarkən mövqeyini bir qədər itirərək 69,77 göstəricisində dayanıb. İyunun 13-də isə neft qiymətlərinin ən bahalı partiyası 78,50 dollara qədər yüksəldi. Bunun baiskarı isə qəfil İsrailin İranın nüvə obyektlərinə hücumu oldu.
Onu qeyd edim ki, həftə ərzində neft qiymətlərini üzü yuxarı aparan səbəblər içərisində ilk olaraq ABŞ və Çin arasında ilkin ticarət razılaşmasını göstərə bilərik ki, bunun nəticəsində bazar iştirakçıları arasında enerji tələbatı ilə bağlı bir nikbinlik yarandı. Çünki Çin nadir torpaq elementlərini almağa, ABŞ isə bəzi texnoloji və viza məhdudiyyətlərini yumşaltmağa razılaşdı. Bundan əlavə ABŞ-da həftəlik neft ehtiyatlarının 3,6 milyon barel azalması da qiymət artımını dəstəkləyən amil oldu. İsrail-İran münasibətlərinin yenidən görünməmiş səviyyədə gərginləşməsi isə neft qiymətlərini 75-80 dəhlizində ticarət edilməyə gətirib çıxartdı.
Bəs bu hal nə qədər davamlı ola bilər və neft qiymətləri hansı səviyyədə qərarlaşar? Təbii ki, bu sualın cavabı hazırda İranın İsrailə necə cavab verməsindən və cavabın təsirindən asılı olacaq.
Çünki bundan əvvəlki İran-İsrail gərginlikləri zamanı onu müşahidə etmişdik ki, tərəflər böyük dağıntılı hücumlara meylli deyildilər və bu baxımdan da İranın “xala xətrin qalmasın” kimi cavablarını neft bazarı iştirakçıları hiss edirdilər. Nəticədə neft qiymətləri bu kimi hallarda qısamüddətli artım nümayiş etdirirdi.
İndi isə vəziyyətin daha dramatik olacağı haqda gümanlar artır. Belə bir şəraitdə təbii ki, bazar iştirakçılarının narahatlığı özünü “qara qızılın” qiymətlərində əks etdirəcək. Və bu çox dəyişkən dinamikada davam edəcək, bu baxımdan da neft 80 dolları da ötə bilər, əgər İranın neft ixracı terminallarına zərbələr endirilsə, 100-ü də aşa bilər. Olmasa… yenidən əvvəlki vəziyyətinə doğru istiqamətlənmək ehtimalı böyük olacaq. Proqnoz vermək həddən artıq çətindir, çünki proqnoz edilməyən hadisələrin sayı artır.
Uzunmüddətli qaz sazişi
Beləliklə, bu həftənin əvvəli bizim enerji sektorumuz üçün pozitiv xəbərlərlə açıldı və onların içərisində seçilib-seçiləni təbii ki, Azərbaycanın 2013-cü ildən sonra ilk dəfə Avropa şirkəti ilə uzunmüddətli qaz alqı-satqısında dair müqavilə imzalamasıydı. Xatırladım ki, 2013-cü ilin sentyabrında Azərbaycan birinci dəfə “Şahdəniz-2” layihəsindən çıxarılacaq qazın alqı-satqısında dair Avropanın 8 şirkəti ilə 25 illik müqavilə imzalamışdı. Ondan sonrakı dövrdə Azərbaycanın qaz ixracı coğrafiyası xeyli genişlənsə də amma 10 il müddətinə hələ heç bir şirkətlə razılığa gəlmək mümkün olmamışdı.
Belə bir yerdə soruşa bilərsiniz ki, bəs hansı şirkətlə belə uzunmüddətli müqavilə imzalanıb və hansı ölkə bizim qaza özünü bu cür bağlamağa razı olub?
İyunun 10-da Azərbaycan Dövlət Neft Şirkəti ilə Almaniyanın SEFE dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanmasına dair SOCAR məlumat yaydı. Eyni məzmunda və eyni vaxtda həmin məlumatı Almaniya şirkəti də ictimailəşdirdi.
Məlumatda bildirilirdi ki, Almaniya şirkətinin alacağı qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təhvil veriləcək. İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 terevatt – saat və ya təxminən 1,5 milyard kubmetrə çatdırılacaq. Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.
SEFE şirkətinin baş icraçı direktoru Egbert Laege bu uzunmüddətli müqaviləni Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsi adlandırıb. “Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”, deyə Alman şirkətinin rəhbəri vurğulayıb.
Öz növbəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bu razılaşmanı SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələ adlandırıb və əlavə edib ki, SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşları üçün təhlükəsiz və fasiləsiz enerji təchizatını davam etdirəcək.
SOCAR-ın tərəfdaşı kimdir?
Müddəti 2035-ci ilin ortasına qədər nəzərdə tutulan bu müqavilə həqiqətən çox şeyi dəyişir. Xatırladım ki, Avropa Komissiyası, yəni hökuməti neçə illər idi ki, İttifaq üzvlərinə qaz satıcıları ilə uzunmüddətli müqavilələr imzalamağı nəinki tövsiyə etmir, bəzi hallarda daha sərt davranıb onları bu yoldan çəkindirməyə də məcbur edirdi. İndi isə Avropa iqtisadiyyatının və siyasətinin lokomotivi olan bir ölkə Azərbaycanın dövlət şirkəti ilə uzunmüddətli müqavilə imzalayır. Özü də Azərbaycanın tərəfdaşı rolunda səhmləri 100% Almaniya Federal hökumətinə məxsus olan şirkət çıxış edir.
Bu yerdə bizdən 10 illik qaz alan şirkət haqda Sizləri bir qədər məlumatlandırım. SEFE şirkətinin keçmiş adı Gazprom Germania olub, hansı ki, 1990-cı ildən 2022-ci ilə qədər dünyanın ən böyük qaz şirkəti “Gazprom”-un tam mülkiyyətində olan törəmə şirkəti idi. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra şirkət Almaniyanın enerji tənzimləyicisi olan Federal Şəbəkə Agentliyinin himayəsi altına alındı və həmin ilin dekabrında milliləşdirilərək səhmləri 100% Almaniya Federal Hökumətinin nəzarətinə keçdi.
Bu şirkət Avropanın bir sıra ölkələrində qaz və enerji aktivlərinə malikdir. Bu baxımdan da onun SOCAR-dan müxtəlif yollarla qaz alması mümkündür. Yəni qazın əsas hissəsi Trans-Adriatik Boru Kəməri – TAP-la da daşına bilər, həmçinin digər ölkələrdə dəyiş-düyüş edilməklə, svop əməliyyatları ilə Almaniyaya çatdırıla bilər.
Almaniya bizdən təbii qazı əvvəl də alıb
Onu da deyim ki, Azərbaycan qazının sırf boru daşımaları ilə Almaniya şirkəti tərəfindən alınması bizim praktikamızda artıq var. Belə ki, Şahdəniz-2 layihəsi üzrə Almaniyanın Uniper şirkəti İtaliyada Azərbaycan qazını qəbul edir. Sonra isə svop əməliyyatları ilə onu Almaniyadakı istehlakçılara çatdırır. Burada 2 məqam diqqətimi çəkdi. Birincisi odur ki, Uniper şirkəti də artıq 100% Almaniya Federal Hökumətinə məxsus dövlət şirkətidir, o da Rusiya-Ukrayna müharibəsinin fəsadları nəticəsində milliləşməyə məruz qalıb. İkinci fakt isə ondan ibarətdir ki, Uniperin də Azərbaycandan aldığı qaz həcmləri illik 1,5 mlrd təşkil edir.
İndi görürsünüzmü rəsmi Bakının 100 ölçülüb bir biçilmiş enerji siyasətinin nəticələrini? Məsələ təkcə enerji resurslarını hasil etməklə və öz sərhədindəcə bir sıra ölkələr kimi kimə gəldi satmaqla bitmir. Biz neftimizin də, qazımızın da, digər resurslarımızın da nə zaman, kimə və harada təhvil veriləcəyini zərgər dəqiqliyi ilə hesablayan dövlətik. Buna görə də hədəfimiz uzunmüddətli ticarətdir və tərəfdaşlarımızla münasibətlərimizdə yerimizi də bilirik, rolumuzu da çox gözəl anlayırıq, özümüzə qarşı da həmin münasibətlərin olmasını istəyirik.
Elə buna görə də bu həftə Avropanın siyasi mərkəzində keçirilən bir neçə enerji tədbirində Azərbaycanı görmək, onun ortamüddətli planlarını hökumət rəsmilərindən eşitmək və yaxın gələcək üçün əməkdaşlıq fəaliyyətinə nəzər yetirmək arzusu yaranmışdı.
Avropa-Azərbaycan enerji münasibətləri
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Agentliyinin enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal konfransında iştirak edib. Nazir çıxışında qeyd edib ki, Beynəlxalq Enerji Agentliyi Azərbaycan üçün enerji səmərəliliyinin təmin olunmasına dair “yol xəritəsi” hazırlayıb. Bu tədbirlər binaları, nəqliyyatı, istilik sistemlərini və ümumilikdə bütün enerji infrastrukturunu əhatə edir. Enerji səmərəliliyinin artırılması və “yaşıl enerji”nin ümumi enerji balansında xüsusi çəkisinin yüksəldilməsi bir tərəfdən atmosferə atılan karbon tullantılarının azaldılmasına xidmət edir, digər tərəfdən öz iqtisadi inkişafını təmin etmək məqsədi ilə enerjiyə ehtiyacı olan ölkələrin enerji təhlükəsizliyində iştirak üçün yeni imkanlar açır.
Qeyd edim ki, iyunun 13-də isə Brüsseldə Avropa Komissiyası ilə Azərbaycan arasında yüksək səviyyəli enerji dialoqunun üçüncü raundu keçirilib. Bu görüş 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində keçirilir. İlk olaraq Avropa İttifaqının enerji komissarı Dan Yorgensenin də qatıldığı tədbirdə Avropanın enerji təhcizatına dair məlumatlar açıqlanıb.
Belə ki, İttifaq ölkələri son 3 ildə Rusiyadan enerji asılılıqlarını kifayət qədər azalda biliblər. Artıq Aİ Rusiyadan kömür almır, baxmayaraq ki, 2022-ci ilə qədər onun payı ümumi kömür idxalında 44%, elektrik istehsalı üçün istifadə edilən kömürdə 70%-ə çatırdı. Neft tədarükü bu müddətdə 27 %-dən 3 %-ə, qaz tədarükü isə 45 %-dən 13 %-ə enib.
Rusiya qazının əvəz edilməsində Azərbaycanın uğurları da qeyd edilib və hazırda Avropa bazarının təhcizatı məsələlərində ölkəmizin imkanlarının artırılmasına da toxunulub. Bununla əlaqədar Azərbaycan tərəfi ölkənin qaz potensialı, hasilatın mümkün artımı və xarici bazarlarda satışa dair məlumatları bölüşüb. Bu baxımdan Azərbaycanın qaz ixrac imkanlarına yaşıl enerji mənbələrindən alınan enerji hiss ediləcək dərəcədə təsir edəcək.
“Yaşıl enerji” planlarımız
Hazırkı planlara əsasən, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafının ikinci mərhələsi çərçivəsində 2027-ci ilə qədər 10 yeni layihəni reallaşdırmağı, buna 2,7 milyard dollar investisiya cəlb etməyi və 2 QVt “yaşıl enerji” istehsal etməyi planlaşdırır. Ümumilikdə isə 2030-cu ilə olan hədəf “yaşıl enerji”nin istehsalını daha 6 QVt-a çatdırmaq və bunun da 4 QVt-nı ixraca yönəltməkdir.
Qaz və elektrik sektorunda islahatlar
Azərbaycanın məqsədi həmçinin bu dövrdə ölkənin qaz və elektrik enerjisi sektorlatında bir sıra islahatlar keçirməkdir. Bununla əlaqədar yola saldığımız həftə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi müzakirə edilib.
Qısa şəkildə desək, burada məqsəd qaz təsərrüfatının və elektroenergetika sektorunun mərhələli şəkildə bazar iqtisadiyyatına keçidinə nail olmaqdır. Bu baxımdan qanun layihələrinin cəmiyyətimizdə əks-səda doğuran hissəsi qaz və elektrik təminatı zamanı istehlakçılar üçün həm də sabit tarifin tətbiq edilməsi məsələsidir. Hesab edirəm ki, cəmiyyətin bu cür reaksiyası ondan qaynaqlanıb ki, müzakirələr zamanı sabit tariflərin mümkün qiyməti ilə bağlı heç nə deyilməməsi olub.
Bu baxımdan apardığım araşdırmanın nəticəsində müəyyənləşdirdim ki, sabit tariflər dünyada geniş yayılmış bir praktikadır və məqsəd paylayıcı şəbəkənin xərclərinin ümumi istifadəçilər arasında daha ədalətli bölgünün təmin edilməsidir.
Yəni kimsə mənzilində yaşamırsa, amma qaza, elektrikə çıxışı varsa, o da müəyyən ödəmələr etməlidir. Postsovet məkanında belə əksər respublikalarda bu praktika mövcuddur və ona “sayğac tarifi” də deyirlər. Ortalama bizim pulun dəyəri ilə 0,7-1 manat arasında dəyişir. Amma sabit tarif Azərbaycanda nə sabah, nə də o biri gün tətbiq olmayacaq. Onun həyata vəsiqə qazanması ümumən enerji sektorundakı islahatlara bağlı olacaq. Onun istehlakçıya müsbət və mənfi təsirlərini isə zaman göstərəcək.//bizim.media