"Qalatasaray" azarkeşlərini üzəcək xəbər: 5 ildən sonra klubdan ayrıldı

“Qalatasaray”da Viktor Nelsson dövrü başa çatıb. 2021-ci ildə İstanbul təmsilçisinə qoşulan danimarkalı müdafiəçi bu dəfə klubdan birdəfəlik ayrılıb. 27 yaşlı futbolçu karyerasını əvvəlki klubu “Nordsjaelland”da davam etdirəcək.

Referans Media xəbər verir ki, Nelsson “Nordsjaelland”la 4 illik müqavilə imzalayıb. Beləliklə, daha əvvəl “Roma” və “Hellas Verona”da icarə əsasında çıxış edən müdafiəçinin “Qalatasaray”la yolları rəsmən ayrılıb.

Transferin rəsmiləşməsindən sonra Viktor Nelsson “Qalatasaray” azarkeşlərinə və klubuna vida mesajı göndərib. Danimarkalı futbolçu paylaşımında İstanbul klubunda keçirdiyi illərin onun üçün xüsusi olduğunu vurğulayıb və “Qalatasaray”ı bundan sonra da dəstəkləyəcəyini bildirib.

Nelsson klub azarkeşlərinə müraciətində deyib: “Mənim üçün də artıq son gəldi. Mənə və ailəmə ‘Qalatasaray’da olduğum müddətdə göstərdiyiniz sevgi və dəstəyə görə ürəyimin dərinliklərindən təşəkkür edirəm. Burada keçirdiyim hər dəqiqəni çox sevdim və zövq aldım. Həmişə ‘Qalatasaray’ azarkeşi olacağam və klubu uzaqdan dəstəkləməyə davam edəcəyəm.”

Danimarkalı müdafiəçi İstanbul klubunun tarixinin bir parçası olmaqdan qürur duyduğunu da qeyd edib və gələcəkdə yenidən azarkeşlərlə və İstanbulda görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

Viktor Nelsson “Qalatasaray” forması ilə ümumilikdə 144 rəsmi oyunda meydana çıxıb. Müdafiəçi bu qarşılaşmalarda 4 qola imza atıb.

2021-ci ildə “Qalatasaray”a transfer olunan Nelsson sonrakı illərdə komandanın müdafiə xəttinin əsas futbolçularından birinə çevrilmişdi. Lakin “Roma” və “Hellas Verona”da icarə əsasında çıxış etdikdən sonra onun İstanbul klubundakı karyerası artıq rəsmən başa çatıb.

27 yaşlı futbolçunun bundan sonra “Nordsjaelland”da göstərəcəyi performans isə maraqla gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki