İngiltərə Premyer Liqasında “Bornmut” möhtəşəm nəticəyə imza atıb. “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edən komanda həm klub tarixində ilk dəfə Avropa kuboklarına vəsiqə qazanıb, həm də “Arsenal”ın 22 ildən sonra çempion olmasına səbəb olub.
Referans Media xəbər verir ki, 127 illik tarixində ilk dəfə Avropaya gedəcək “Bornmut” son tur öncəsi xalını 56-ya yüksəldərək bunu rəsmiləşdirib.
“Mançester Siti” büdrədi, “Arsenal” çempion oldu
“Vitality” stadionunda keçirilən qarşılaşmada “Mançester Siti”nin xal itirməsi “Arsenal” üçün də həlledici olub. London təmsilçisi Premyer Liqada mövsümün bitməsinə bir tur qalmış çempionluğunu rəsmən elan edib.
Beləliklə, “Arsenal” 2003/2004 mövsümündən sonra ilk dəfə İngiltərə çempionu olmağı bacarıb və 22 illik həsrətə son qoyub.
“Bornmut”un məğlubiyyətsiz seriyası davam edir
Baş məşqçi Andoni Iraola rəhbərliyində uğurlu mövsüm keçirən “Bornmut” Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb. Komanda son məğlubiyyətini yanvarın 3-də məhz “Arsenal”a qarşı alıb.
Çempionlar Liqası şansı da qalır
“Bornmut”un növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak etmək ehtimalı da hələ qalır. Müəyyən nəticələr baş verərsə, komanda əlavə kvota sayəsində turnirə vəsiqə əldə edə bilər.
