"Dünən məşqçilərin səhvindən məğlub oldum, etiraz etsəydik, xal qazanıb, qələbəni əldə edə bilərdim".
Referans Media bildirir ki, azərbaycanəsilli alman güləşçi Mədinə Abbasova (49 kq) bu fikirləri Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, altı yaşından Almaniyaya köçüblər:
"On ildir Almaniyada yaşayıram. Düşünürəm ki, Azərbaycanda güləşə diqqət daha böyükdür. Burada güləşi sevirlər. Orada güləşə diqqət azdır. Həm də azərbaycanlılar daha texnikalıdırlar. İlk dəfədir ki, Azərbaycanda güləşirəm. Lakin yay tətillərində Bakıya gəlirəm. Almaniyaya artıq uyğunlaşmışam. Hələlik Azərbaycanı təmsil etməyi düşünmürəm. Komanda yoldaşlarım daim mənə dəstək olurlar. Bakı barədə, ölkəmiz haqqında məndən soruşurlar".
O, Almaniyada məşqlərin azlığından şikayət edib:
"Azərbaycanda isə məşqlər daha çoxdur. Diqqət var burada güləşə. Düzü, imkan olmur Azərbaycan güləşçilərinin çıxışını izləməyə, lakin bacardığım qədər ən azı öz çəkimdəki idmançıların çıxışlarına baxıram. Mariya Stadnikin çıxışlarını isə yaxından izləyirdim".
Qeyd edək ki, Mədinə Abbasova 1/4 finalda məğlub olaraq mübarizəni dayandırmışdı.
