"Qalatasaray"ın ulduzuna İngiltərə nəhəngi göz dikdi – Osimhen nə qərar verəcək?

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen Avropanın nəhəng klublarının diqqət mərkəzində qalmaqda davam edir. İngiltərə Premyer Liqasının köklü klublarından “Mançester Yunayted” hücumçunun transferi üçün yenidən hərəkətə keçib.

Referans Media xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi heyətinə yüksək səviyyəli hücumçu cəlb etmək istəyir və bu məqsədlə Osimhenin transferini prioritet hesab edir.

“Team Talk”ın yaydığı xəbərə əsasən, “Old Trafford” təmsilçisi nigeriyalı forvard üçün “Qalatasaray”a rəsmi təklif göndərməyə hazırlaşır. İngiltərə klubunun bu dəfə transferdə daha israrlı olduğu bildirilir.

Xəbərdə Viktor Osimhenin də İngiltərə Premyer Liqasında oynamaq arzusunda olduğu və “Mançester Yunayted”ə keçid variantına müsbət yanaşdığı vurğulanıb.

Nigeriyalı futbolçunun İngiltərə futbolunda özünü sınamaq istəyi transfer danışıqlarında “Mançester Yunayted” üçün mühüm üstünlük hesab olunur.

İngiltərə mediasından “CaughtOffside” isə mümkün transferi şərh edərək, “Mançester Yunayted”in mövsüm ərzində ən azı 30 qol töhfəsi verə biləcək hücumçu axtardığını bildirib.

Nəşrin qiymətləndirməsinə görə, bu baxımdan Viktor Osimhen ideal namizədlərdən biridir. Nigeriyalı hücumçunun özünü Avropanın yüksək səviyyəli futbolunda sübut etdiyi və Premyer Liqa üçün lazım olan keyfiyyətlərə sahib olduğu qeyd olunub.

“Benjamin Şeşko vacib futbolçudur, lakin Osimhen qol yükünü bölüşə biləcək ideal seçimdir”, – deyə nəşr vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki