Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə müharibənin son dövrlərində ən güclü hava hücumlarından birini həyata keçirib. Raketlər və pilotsuz uçuş aparatları ilə təşkil olunan hücumlar nəticəsində azı 9 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.
Referans Media xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar əsasən Kiyev və Dnepr şəhərlərini hədəf alıb. Paytaxtda yaşayış binaları, tibb müəssisələri və digər mülki obyektlər ciddi ziyan görüb. Şəhərin Podilski rayonunda çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Xilasedicilər dağıntılar altında insanların qala biləcəyini bildirərək axtarış-xilasetmə işlərini davam etdirirlər.
Kiyev meri Vitali Kliçko hücumu “nəhəng düşmən hücumu” kimi qiymətləndirib. Məlumata görə, paytaxtın müxtəlif rayonlarında yanğınlar baş verib, raket qalıqları bir sıra yaşayış məntəqələrinə düşüb.
Rəsmi məlumatlarda bildirilir ki, Kiyevdə 4, Dnepr şəhərində isə 5 nəfər həyatını itirib. Yaralananlar arasında uşaqların da olduğu qeyd edilir.
Hücum nəticəsində Kiyevin Şevçenkivski rayonunda yerləşən 24 mərtəbəli yaşayış binasında yanğın baş verib. Şəhərdə fəaliyyət göstərən klinikalardan biri zərər görüb, uşaq bağçasının həyətinə isə raket qalıqları düşüb. Kiyev yaxınlığındakı Buça şəhərində də evlərə və anbarlara ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan bir neçə saat əvvəl Rusiyanın genişmiqyaslı əməliyyata hazırlaşdığı barədə kəşfiyyat məlumatları aldıqlarını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya tərəfi böyük hücum üçün hazırlıq görürdü.
Ekspertlər hücumların Ukraynanın son aylarda Rusiyanın neft infrastrukturlarına qarşı həyata keçirdiyi əməliyyatlardan sonra bölgədə gərginliyin daha da artdığı bir vaxta təsadüf etdiyini vurğulayırlar.
