2026-cı il FIFA Dünya Kubokunda Azərbaycanla yanaşı region ölkələrinin də maraqla izlədiyi Türkiyə milli komandasının pley-off mərhələsində qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib. Ay-ulduzluların son 32 mərhələsindəki rəqibi qrupdakı yekun mövqeyindən asılı olacaq.
Referans Media xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın yeni formatına əsasən, 48 komanda 12 qrupa bölünüb. Qrup liderləri, ikincilər və ən yaxşı üçüncü yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
Türkiyənin qrupdakı rəqibləri
D qrupunda yer alan Türkiyə millisi qrup mərhələsində ABŞ, Avstraliya və Paraqvayla üz-üzə gələcək. Komanda ilk iki pillədən birini tutacağı və ya ən yaxşı üçüncülər sırasına düşəcəyi halda son 32-liyə yüksələcək.
Qrup lideri olsa...
Türkiyə qrupu lider başa vuracağı təqdirdə son 32 mərhələsində B, E, F, I və ya J qruplarında üçüncü yeri tutan komandalardan biri ilə qarşılaşacaq. Bu qruplarda Almaniya, Fransa, Argentina, Niderland, Norveç, Seneqal, İsveçrə və Avstriya kimi güclü yığmalar yer alır.
Qrupu ikinci tamamlayarsa...
Ay-ulduzlular qrupu ikinci sırada bitirsələr, G qrupunun ikincisi ilə qarşılaşacaqlar. Həmin qrupda Belçika, Misir, İran və Yeni Zelandiya mübarizə aparır. Bu səbəbdən Türkiyənin mümkün rəqibləri arasında əsasən Belçika və Misirin adı çəkilir.
Ən yaxşı üçüncülərdən biri olsa...
Türkiyə qrupu üçüncü pillədə başa vurmasına baxmayaraq ən yaxşı səkkiz üçüncü komanda arasına düşərsə, daha çətin rəqiblərlə üzləşə bilər. Bu halda E, I və ya K qruplarının liderlərindən biri ilə qarşılaşmaq ehtimalı yaranır. Potensial rəqiblər sırasında Almaniya, Fransa, Portuqaliya, Kolumbiya, Ekvador, Seneqal, Norveç və Özbəkistan kimi komandalar var.
Dünya Kubokunda yeni format
2026-cı il Dünya Kubokunda ilk dəfə olaraq 48 komanda iştirak edir. Turnirin qaydalarına əsasən, 12 qrupun ilk iki pilləsində qərarlaşan komandalarla yanaşı, ən yaxşı səkkiz üçüncü komanda da son 32 mərhələsinə vəsiqə qazanacaq.
