Türkiyənin paytaxtı Ankarada yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirən 30 yaşlı Türkan Biçerin ölümündən əvvəlki son görüntülər yayılıb.
Referans Media xəbər verir ki, hadisə martın 25-də Yenimahallə rayonunda qeydə alınıb. Məlumata görə, Türkan Biçer nişanlısı F.Ö. ilə birlikdə yaşadığı mənzilin eyvanından yıxılaraq ölüb. Hadisədən sonra saxlanılan 46 yaşlı F.Ö. barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində əldə olunan təhlükəsizlik kamerası görüntülərində hadisədən əvvəl cütlük arasında yaşanan gərgin anlar və mübahisə əks olunub. Kadrlarda mənzildəki hərəkətlilik, eləcə də hadisədən sonra F.Ö.-nün əlində çarşafla binanın qarşısına endiyi anlar yer alıb.
Türkan Biçerin ailəsi onun ölümünün təsadüfi hadisə olmadığını iddia edir. Yaxınları qadının nişanlısı tərəfindən qətlə yetirildiyini bildirərək işə “qəsdən adam öldürmə” maddəsi ilə baxılmasını tələb ediblər.
Hazırda hadisə ilə bağlı istintaq davam edir. Türkan Biçerin ölüm səbəbi və hadisənin bütün təfərrüatlarının aparılan araşdırmalardan sonra müəyyənləşəcəyi bildirilir.
