"Fənərbaxça"da prezidentliyə namizəd olan Aziz Yıldırımın baş məşqçi planı ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib. Türkiyə mətbuatında yayılan məlumata görə, təcrübəli funksioner yerli məşqçi variantında əsas namizəd kimi Aykut Kocamanı nəzərdən keçirir.
Referans Media xəbər verir ki, iddialara əsasən, 6-7 iyunda keçiriləcək fövqəladə qurultay öncəsi hazırlıqlara başlayan Aziz Yıldırım həm yerli, həm də xarici məşqçi namizədləri üzərində işləyir. Xarici variantlar arasında Xorxe Jesus və Oliver Glasnerin adı hallansa da, qısa müddətli hədəflərə görə yerli məşqçi seçiminin daha real olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, Aziz Yıldırım yaxın ətrafına “Qısa məsafəli hədəflərdə ən doğru seçim yerli məşqçidir” fikrini səsləndirib. Bu səbəbdən də Aykut Kocamanın əsas favorit olduğu vurğulanır.
İddiaya görə, Aykut Kocamanın komandaya rəhbərlik etməsi halında məşqçilər korpusunda klubun əfsanəvi simaları da yer ala bilər. Belə ki, Volkan Demirel, Selçuk Şahin və Pyer Vebonun texniki heyətə cəlb olunması planlaşdırılır.
Bu iddialar artıq sarı-lacivərdli azarkeşlər arasında böyük maraq yaradıb. Klub əfsanələrinin yenidən eyni dam altında bir araya gəlməsi ehtimalı sosial mediada geniş müzakirə olunur.
