“Fənərbaxça”da heyətdən kənarlaşdırılan İrfan Can Kahvecinin gələcəyi ilə bağlı yeni xəbər var. Superliqa təmsilçilərindən birinin təcrübəli futbolçu üçün rəsmi təklif etdiyi bildirilir.
Transfer çalışmalarını davam etdirən “Fənərbaxça”da baş məşqçi Domeniko Tedesko həm Superliqa, həm də UEFA Avropa Liqası üçün güclü və geniş heyət formalaşdırmaq niyyətindədir. Bu çərçivədə klubda gələcək transferlər qədər komandadan ayrılacaq futbolçular da diqqət mərkəzindədir. Hazırda Cenk Tosun, Rodriqo Bekao və İrfan Can Kahvecinin gələcəyi ilə bağlı yekun qərar verilməyib.
Son qərar futbolçuya məxsusdur
Təxminən iki aydır əsas komandadan uzaq qalan İrfan Can Kahveciyə Anadolu klublarından biri maraq göstərib. “Fənərbaxça” rəhbərliyi təklifə müsbət yanaşsa da, son sözün milli futbolçuya aid olduğunu bildirib.
Emre Belözoğlu maraqlıdır
Emre Belözoğlunun baş məşqçisi olduğu “Kasımpaşa”nın 30 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarə əsasında heyətinə qatmaq istədiyi qeyd olunur. Klub rəhbərliyinin Belözoğlunun tələbi ilə “Fənərbaxça”ya rəsmi təklif təqdim etdiyi bildirilir.
Milli futbolçunun verəcəyi qərardan sonra transferin taleyinin dəqiqləşəcəyi gözlənilir. Fərdi məşqlərini davam etdirən İrfan Can Kahvecinin karyerasına yenidən dinamika qazandırmaq istədiyi, bu keçidin isə mövsümün ikinci yarısında müntəzəm oyun təcrübəsi baxımından onun üçün önəmli fürsət olduğu vurğulanır.
Müqavilə müddəti 2028-ci ilə qədərdir
“Sarı-lacivərtlilər” İrfan Can Kahveci ilə 12 yanvar 2025-ci ildə yeni müqavilə imzalamışdı. Futbolçunun “Fənərbaxça” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Mövsüm göstəriciləri
İrfan Can Kahveci bu mövsüm “Fənərbaxça” forması ilə 12 oyunda meydana çıxsa da, qol və ya assistlə yadda qalmayıb.























