Okan Buruk tənqid hədəfinə çevrildi: Səbəb Acun Ilıcalı oldu

"Hall Siti" klubunun Premyer Liqaya yüksəlməsindən sonra Okan Burukun Acun Ilıcalı ilə bağlı addımı sosial mediada geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, İngiltərə Çempionşipində keçirilən pley-off finalında "Hall Siti" “Midlsbro” üzərində 1:0 hesablı qələbə qazanaraq Premyer Liqaya vəsiqə əldə edib. Qarşılaşmanın taleyini həll edən yeganə qol 90+5-ci dəqiqədə MakBurni tərəfindən vurulub.

Tarixi uğurdan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk klubun sahibi Acun Ilıcalıya "FaceTime" vasitəsilə görüntülü zəng edərək onu təbrik edib. Burukun Ilıcalıya uğurlar arzuladığı və əldə olunan nəticəni yüksək qiymətləndirdiyi bildirilib.

Lakin bu addım “Qalatasaray” azarkeşlərinin bir hissəsi tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə çoxsaylı azarkeşlər son mövsümlərdə “Fənərbağça” ilə yaşanan gərgin münasibətləri xatırladaraq, Okan Burukun Acun Ilıcalı ilə yaxın münasibət qurmasını tənqid ediblər.

Qeyd edək ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti"nin Premyer Liqaya yüksəlməsi Türkiyə və İngiltərə mediasında da geniş rezonans doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki