“Qalatasaray”da heyətdə nəzərdə tutulmayan futbolçularla bağlı addımlar atılmağa başlanıb. Ayrılıq qərarı verilən oyunçunun irəli sürdüyü tələb isə sarı-qırmızılı rəhbərliyin səbr kasasını daşırıb.
Referans Media xəbər verir ki, baş məşqçi Okan Burukun istəkləri əsasında transfer çalışmalarını davam etdirən “Qalatasaray”da komandaya cəlb olunacaq ulduzlarla yanaşı, ayrılacaq futbolçular da maraq doğururdu.
Sarı-qırmızılı klub transfer prosesini davam etdirərkən, heyətdə düşünülməyən adlarla bağlı konkret qərarlar qəbul edib. Ayrılıq siyahısına salınan futbolçunun son tələbindən sonra rəhbərlik qəti mövqe sərgiləyib.
“Sabah” qəzetinin məlumatına görə, baş məşqçi Okan Burukun mövsümün ikinci yarısında forma şansı verməyi planlaşdırmadığı Yusuf Demir üçün heyətdən kənarlaşdırma qərarı alınıb.
Pul tələb etdi
Müqaviləsi mövsümün sonunda başa çatacaq Yusuf Demir meneceri vasitəsilə yaya qədər komandada qalmaq istədiyini kluba çatdırıb. Lakin 22 yaşlı futbolçunun təmsilçisi ara transfer dövründə ayrılıq üçün maddi tələb irəli sürüb.
Rəhbərliyi qəzəbləndirdi
Bu yanaşma və yaşanan proseslər “Qalatasaray” rəhbərliyini ciddi şəkildə narazı salıb. Nəticədə Yusuf Demirin heyətdən kənarlaşdırılması və A komandanın məşqlərinə buraxılmaması qərara alınıb.
Qeyd edək ki, “Qalatasaray” Yusuf Demiri 2022-ci ilin sentyabrında Avstriyanın “Rapid Wien” klubundan 6 milyon avro qarşılığında transfer etmişdi. Gənc futbolçu sarı-qırmızılı formada ümumilikdə 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə çıxış edərək gözləntiləri doğrulda bilməyib.























