“Beşiktaş”ın “Samsunspor”la heç-heçə etməsindən sonra baş məşqçi Sergen Yalçın lazımi tədbirlər görəcək. Əsas heyətdə yer alan bəzi futbolçuların cəzalandırılacağı ehtimal edilir.
Referans MEDİA xəbər verir ki, “Qara qartal” öz evində Samsunspor ilə 1-1 hesablı heç-heçə edib və liderlik uğrunda mübarizədə daha bir zərbə alıb. Temmi Abrahamın oyunu isə ciddi tənqidlərə tuş gəlib. Rəqib qapısına cəmi bir zərbə göndərən ingilis futbolçu, xüsusən də sadə top itkiləri ilə diqqət çəkib. Abrahamı 70-ci dəqiqədə Jota Silva ilə əvəzlənib.
Təcrübəli hücumçu oyunu tərk edərkən tribunadan fit səsləri ucalıb. Son dörd matçda bir qol vuran, lakin çoxsaylı fürsətlərdən yararlana bilməyən Temmi Abraham ona verilən şansı xeyli tükədib. Sergen Yalçının ingilis futbolçunu ehtiyat oyunçular skamyasına qoymağı planlaşdırdığı bildirilir. “Ağ-qaralar”ın həftəsonu “Karagümrük”lə oyunda mərkəz hücumçusu kimi El Bilal Tureni, sol cinahda isə Jota Silvaya şans veriləcəyi bildirilir.
“Beşiktaş” 28 yaşlı Abrahamı mövsümün əvvəlində “Roma”dan icarəyə götürmüşdü. “Roma”ya icarə üçün 2 milyon avro ödəyən “Beşiktaş” mövsümün sonunda Abrahamın müqaviləsini əldə etmək üçün İtaliya klubuna əlavə 13 milyon avro ödəyəcək.
